Bəxtiyar Vahabzadənin xatirəsi anılıb Mədəniyyət

Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə fevralın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş "Ustada sayğı gecəsi" keçirilib.
Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq deyib: "Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçir, onun bu on illikdə yeri çox görünür. O, xoşbəxt şair idi. Onilliklər keçsə də o, hər zaman yaddaşlarda yaşayacaq".
TİKA-nın Bakı üzrə əlaqələndiricisi Teoman Tiryaki isə Bəxtiyar Vahabzadənin istiqlal şairi olduğunu bildirib.
Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışında Xalq şairi haqqında öz düşüncələrini bölüşüb. O, Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğulayıb.
Tədbirdə Xalq şairinin "Əlvida" şeirini səsləndirdiyi lent yazısı təqdim olunub.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığına nəzər salıb.
Ədəbi-bədii gecə "Özümüzü kəsən qılınc" əsərinin nümayişi ilə davam edib.
Gecədə Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.