Özbək ədəbiyyatı Mədəniyyət

Özbək ədəbiyyatı

1-ci yazı

Türk tayfaları arasında özünün tarix və mədəniyyətinin qədimliyinə, zənginliyinə görə seçilən xalqlardan biri də özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir. Özbək ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına bu və ya digər dərəcədə təsir göstərə bilib. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov qeyd edir ki, Roma mədəniyyətinin Avropa üçün əhəmiyyəti nə qədərdirsə, özbək mədəniyyətinin də Orta Asiya üçün əhəmiyyəti o qədərdir.
Özbək folklor nümunələri öz möhtəşəmliyi ilə seçilir. "Alpamış", "Yusif və Əhməd", "Şeybani xan", "Gündoğmuş", "Şirin və Şəkər", "Arzugül", "Rüstəmxan" və s. dastanlar mövzu, məzmun, ideya və formasına görə mükəmməl yaradıcılıq nümunələri hesab edilir. "Alpamış" orta əsrlərdə formalaşmış qəhrəmanlıq dastanıdır. Alpamış dastanda qəhrəmanın adıdır. Dastan mənzum formadadır və iki hissədən ibarətdir. Hər hissə beş böyük nəğmə parçasına bölünüb. Dastan mənzum şəkildə olsa da, əsərdə bir sıra nəsr parçaları da var. Əsərin konfliktini qəbilə başçıları olan Bayburi ilə Baysarı adlı iki qardaş arasında gedən ziddiyyətlər təşkil edir. Konqrad şəhərinin başçısı Bayburi Baysarıdan vergi istəyir. Bundan əsəbləşən Baysarı Bayburinin elçilərinə işgəncə verir və Bayburinin ölkəyə hücumundan ehtiyat edərək, bütün qəbiləsi ilə birlikdə Kalmık elinə köçməyə məcbur olur. Lakin onlar Kalmık elində vətən həsrəti ilə yaşayırlar. Baysarının qızı Barçınaya eyni vaxtda Kalmık şahının 3 pəhləvanı elçi göndərir. Barçınayın göbəkkəsmə nişanlısı Alpamış bundan xəbər tutur və 40 igidini başına yığıb nişanlısını azad etmək üçün Kalmık elinə yola düşür. Lakin o, burada küpəgirən qarının hiyləsi nəticəsində igidlərini itirir, özü isə zindana düşür. Alpamış 7 il əsirlikdə qalır və Kalmık şahının qızının köməyi ilə zindandan azad olur. Qürbətdə yaşayan Konqrad qəbiləsini başına yığaraq sevgilisi ilə birlikdə vətənə yola düşür. Bu zaman Alpamışın vətəninə Ultəntaz hakimlik edirdi. O, qəddar və amansız hökmdar idi. Alpamış onu hakimiyyətdən uzaqlaşdırır və xalq azadlığa çıxır.
Orta Asiyada Samanilərin, Qaraxanilərin və Qəznəvilərin hakimiyyətləri dövründə ədəbiyyatın inkişafı üçün əlverişli şərait yaranmışdı.
Buxara, Səmərqənd, Balasaqun, Kaşqar, Xivə şəhərlərinin siyasi-ədəbi mərkəzə çevrilməsi bu şəhərlərdə elmi-ədəbi mühitin yaranmasına böyük təsir göstərmişdi. XI əsrdən başlayaraq türk dilinin poeziya dilinə çevrilməsi hadisəsi ədəbi dillər sırasında (fars və ərəb) bu dilin özünə yer alması və yazılı ədəbiyyatda türk ədəbi-bədii dil boşluğunun doldurulmasını təmin etdi.
Nəsirəddin Bürhanəddinoğlu XIV əsr özbək ədəbiyyatının tanınmış nümayəndəsidir. Rabğuzi kimi tanınan sənətkar 1311-ci ildə peyğəmbərlərin həyat hekayələri əsasında "Qısasul-ənbiya" adlı əsərini yazıb. Əsərdə türk şeiri üçün xarakterik olan dördlüklərin yer alması Rabğuzinin "Qutadqu bilik"dən təsirlənməsi kimi qiymətləndirilə bilər. Kərdəri Mahmudun "Nəhcül-fəradis", İslamın "Muinül-mürid", Xarəzminin "Məhəb- bətnamə", Durbəkin "Yusif və Züleyxa" əsərlərinin türk dilində yazılması XIV əsr özbək ədəbiyyatında türk dilinin aparıcılığını təsdiq edirdi.
Ətai, Səkkaki, Lütfi və digər sənətkarların sayəsində XV əsr özbək ədəbiyyatında lirik şeir tərzi yeni mərhələyə qədəm qoydu. Ətai və Səkkakinin simasında özbək ədəbiyyatında qəzəlin, qəsidənin, rübainin, qitənin mükəmməl nümunələri yarandı. Lütfi lirik janrda olduğu kimi epik sahədə də uğurlu nəticələr göstərə bildi. O, "Gül və Novruz" əsəri ilə aşiqanə-qəhrəmanlıq mövzusunda poemanın parlaq nümunəsini yaratmış oldu.

***

XV əsr özbək ədəbiyyatı üçün ən möhtəşəm göstərici Əlişir Nəvai yaradıcılığıdır. Onun 50 min misralıq türkcə 4 divanı, 10 min misralıq farsca 1 divanı, 25620 beytlik türkcə "Xəmsə" si, müxtəlif həcmli təxminən 20 elmi-fəlsəfi əsəri Əlişir Nəvainin ədəbi şöhrətini təkcə özbək ədəbiyyatında deyil, Şərq ədəbiyyatında da təsdiqləmək üçün kifayət edir. XIV əsrin sonlarında özbək şairi Qütbün N.Gəncəvinin "Xosrov və Şirin" poemasını, XV əsrin əvvələrində Xarəzminin isə "Sirlər xəzinəsi" poemasını özbək dilinə tərcümə etmələri orta əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrinin mövcudluğundan xəbər verirdi.
XVI əsrdə Cağatay ədəbiyyatı Orta Asiyada Şeybanilər, Hindistan bölgəsində isə Babirlər tərəfindən inkişaf etdirilir. Bu dövrün ən böyük əbədi yadigarı Mühəmməd Salihin "Şeybaninamə" və Mühəmməd Babirin "Baburnamə" əsərləridir. Şeybani xanın türkcə divanı, "Bəh-rül-xuda" adlı dini-əxlaqi mənzuməsi, Ubeydulla xanın "Qeyrətnamə", "Səbmamə", "Şövqnamə" adlı məsnəviləri, Kamran Mirzənin türkcə divanı və s. əsərlər Cağatay ədəbiyyatının ən gözəl nümunələridir.
Əbülqazi Bahadır xanın yazdığı " Şəcəreyi-tərakimə" və "Şəcəreyi-türkü" adlı əsərləri Orta Asiya türkcəsiylə yazılan orijinal nəsr örnəklərindən biridir. "Şəcəreyi-tərakimə"də "Oğuznamə"lər, türk tayfaları, müəyyən tarixi əhvalatlar və s. barədə məlumatlar yer alır. "Şəcəreyi-türkü" isə XV əsrin II yarısından 1663-cü ilə qədər Xarəzmə hakim olmuş özbək xanı Yadigaroğullarının şəcərə tarixini əks etdirir.
XVII-XVIII əsrlərdə özbək ədəbiyyatı Turdı, Məşrəb, Məxmur və Gülxanının simasında yeni mərhələyə qədəm qoydu. Bu dövr poeziyası üçün ictimai-siyasi aktivlik səciyyəvi idi.
Orta Asiyanın Rusiya tərəfindən işğalı ilə Orta Asiyanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. İctimai-siyasi həyat yeniləndiyi kimi, ədəbiyyatda da yeni mövzular, yeni ideyalar və yeni ictimai fikirlər yaranmağa başladı. Mühəmməd Muqumi, Übeydulla Zövgi, Firqət, Əvəz Otaroğlu və s. sənətkarların yaradıcılıqlarında tənqidi realizmin dərinləşməsi, demokratik ideyaların əksi müşahidə olunur. Lakin Sovet hakimiyyətinin qələbəsi ilə Özbəkistan daha fərqli yeni ictimai-siyasi və ədəbi-mədəni həyata qədəm qoydu.
Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür:
1.1917-1929-cu illər Oktyabr siyasi çevrilişi və vətəndaş müharibəsi dövrləri özbək ədəbiyyatı.
2.1929-1941-ci illər sosialist cəmiyyəti quruculuğu dövrü özbək ədəbiyyatı.
3.1941-1956-cı illər Vətən müharibəsi və müharibədən sonrakı quruculuq illəri özbək ədəbiyyatı.
4.1956-1991-ci illər yeni dövr özbək ədəbiyyatı .
Keçmiş Sovet ölkəsinin digər xalqları kimi özbəklər də 70 il sosialist düşərgəsində yaşamış, özlərinin mədəniyyət və ədəbiyyatını sovet ideologiyasının tələbləri daxilində inkişaf etdirməyə məcbur olmuşlar. Yalnız 1991-ci ilin 31 avqustunda dövlət müstəqilliyi elan olunmuş və sentyabrın 1-i Özbəkistan Respublikasının müstəqillik günü kimi tarixə əbədi həkk olununb. Ona görə də 1992-ci ildən etibarən yeni milli-bədii təfəkkür və əxlaqi görüşlərə, xəlqi, eyni zamanda müstəqillik ideallarına söykənən və bunlara möhkəm tellərlə bağlı olan ən yeni dövr özbək ədəbiyyatı da formalaşmağa başlayıb.
H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva və digər sənətkarlar müasir özbək ədəbiyyatının inkişafında, onun milli və bəşəri ideyalarla zənginləşməsində əhəmiyyətli rol oynamışlar.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor