Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb Mədəniyyət

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

18 sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.
Bu münasibətlə sentyabrın 18-də Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
Festivalda 10-a yaxın xarici ölkədən dünyanın tanınmış kollektivləri iştirak edəcək. Səkkiz gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, Üzeyir bəy hər yerdə var və onun musiqiləri dünyanın müxtəlif yerlərində səsləndirilir.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin "Şəbi-hicran"ı səslənib.