ƏSA Teatrının #evdəbax kampaniyası çərçivəsində tamaşası Mədəniyyət

ƏSA Teatrının #evdəbax kampaniyası çərçivəsində tamaşası

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı #evdəbax kampaniyası çərçivəsində növbəti onlayn tamaşa nümayişini həyata keçirəcək. Bu dəfə ƏSA Teatrının repertuarından tamaşaçılara yaxşı tanış olan “Adamlar və siçanlar” tamaşası teatrın "Facebook" səhifəsində canlı yayımı vasitəsilə aprelin 19-da yayımlanacaq. Canlı yayım bitdikdən sonra tamaşanı təkrar izləmək mümkün olmayacaq. Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan teatr onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.
“Dövlətimizin və aidiyyəti qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyələrinə və elan olunan karantin rejiminə dəstək məqsədilə teatr qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarına baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək "Facebook" sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarına daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını martın 24-dən etibarən nümayiş etdirir.
Xatırladaq ki, "Adamlar və siçanlar" tamaşası məşhur amerikalı Nobel mükafatlı yazıçı Con Steynbekin “Siçanlar və insanlar haqqında” əsərinin motivləri əsasında hazırlanıb. Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. Tamşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, fotoqrafı Famil Mahmudbəylidir. Onlayn nümayiş olunan tamaşada rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, İmran Lalayev, Fərid Əliyev, Günay Məmmədova, Sənan Fərzəliyev, Coşqun Məmmədov, Riad Sultanov və Asim Səfərov ifa edəcək. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edib. Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb.