“Kazanova” və “Kor Qatil” azərbaycanca Mədəniyyət

“Kazanova” və “Kor Qatil” azərbaycanca

"Alatoran Yayınları" məşhur avstriyalı yazıçı Stefan Sveyqin "Kazanova" və kanadalı yazıçı Marqaret Etvudun "Kor Qatil" əsərlərini azərbaycan dilində nəşr edib. Nəşriyyatdan verilən məlumata görə, hər iki kitab yaxın günlərdə işıq üzü görəcək. "Kazanova" adlı bioqrafik hekayə Sveyqin "Öz nəğməsini oxuyanlar" kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və Tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqında amansız etirafların müəllifidir. Bütün həyatını eyş-işrətə xərcləyən yaraşıqlı bir kişi olan Cakomo Kazanova yaşlandıqdan, zahiri göstəricilərini itirdikdən sonra lazımsız əşya kimi bir kənara atılır, əvvəlki şöhrətini itirməyə başlayır, qadınlar və dostları ondan üz döndərir, bir neçə ölkədən qovulur. Nəhayət öz vətəni İtaliyada bir qrafın himayəsi altında sığınacaq tapır və burada son illərini yaşayır. Yalnız ömrünün sonunda bu qeyri-adi insan elə bir iş görür ki, özü öz əli ilə adını tarixə, əbədiyyətə yazmış olur. Kazanova iradə və cəsarət nümunəsi göstərərək başına gələn bütün əhvalatları tam çılpaqlığı ilə qələmə alır. 12 cilddən ibarət "Xatirələrim" adlı kitab yazır. Özünü tarixin qaranlıqları içərisində unudulmaqdan beləcə xilas etmiş olur. Cakomo Kazanovanın həyatı neçə-neçə əsərə mövzu olub, haqqında filmlər çəkilib. Stefan Sveyqin "Kazanova"sı bu insanın xarakterini dərindən tanımaq üçün ən yaxşı qaynaq hesab olunur.
Qeyd edək ki, ingilis dilli kanadalı yazıçı, şair və ədəbiyyat tənqidçisi Marqaret Etvud 1939-cu ildə doğulub. Feminist kimi də tanın Marqaret Etvud müasir dövrün ən məşhur ingilisdilli yazıçısı hesab olunur. O, beş dəfə "Booker" mükafatının finalçısı olub və 2000-ci ildə "Kor Qatil" romanına görə mükafatın qalibi elan edilib. Bundan başqa "Artur Klark" və "Prince of Asturias" ədəbiyyat mükafatlarına da sahib olub. "Kor Qatil" yeni mileniumun ilk ən böyük romanı hesab olunur. Əsər maraqlı strukturu və poetik ifadə tərzi ilə fərqlənir, roman içində roman, tarixdən bu günə və təkrar geriyə ekskurslar təhkiyəyə qeyri-adi dinamika qazandırır, incə üslubu ilə oxucunu dərindən sarsıdır. Kitab 2000-ci ildə "Man Booker" mükafatına, 2001-ci ildə "Hammett" mükafatına layiq görülüb. "Time" jurnalı tərəfindən 2000-ci ilin ən yaxşı romanı elan edilən "Kor Qatil", həm də jurnalın 1923-cü ildən bəri "100 ən yaxşı ingilisdilli roman" siyahısında yer alıb.

XC