Keçəpapaqların sorağı ilə... Mədəniyyət

Keçəpapaqların sorağı ilə...

Borçalı mahalında qeyri-adi Novruz bayramı

II yazı

Bura sərhəddir: Azərbaycan respublikası ilə Gürcüstanın sərhəddi. Hər iki ölkənin ağız-ağıza duran sərhəd-keçid məntəqələri tikililərinin strukturundan tutmuş texniki vasitələrə, hərbçilərin geyimlərinə, silahlarına, kömrükçülərin davranış qaydalarına qədər bu ölkələrin iqtisadi durumunu, geopolitik maraqlarını, inzibati və məhəlli-etnik özünəməxsusluğunu inikas edir.
Ancaq Azərbaycan-Gürcüstan sərhəddində mən tamamilə başqa ovqatda idim. Adətən sərhəd keçən insan, sözün həqiqi mənasında, başqa bir dünya ilə görüşün, tanışlığın marağında olur. Lakin Azərbaycan Respublikasının bütün qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrindən o tayda bizi heç bir halda başqa bir dünya – yad ölkə gözləmir. İstər şimalda Rusiya ilə sərhədin, istər cənubda İran ilə sərhədin, istərsə də qərbdə Gürcüstan ilə sərhədin o tayında başqa bir dünya yox, bizim qərib dünyamız, qərib vətənimiz var. Bizim üçün sərhədlərimizin bu tayı vətən olduğu kimi, o tayı da, sözün hər bir mənasında, vətəndir. İndi bu sərhədi keçərkən də o hissə köklənmişdim ki, oyaq başla ayağım dəymədiyi vətənimi, bədii əsərlərdə bir etnoqrafik fenomen kimi təsvir olunmuş möcüzə yurdumu görəcəyəm.
Hələ çox illər bundan öncə yazıçı Anarın yazıçı Mövlud Süleymanlı ilə Borçalıya ilə etdiyi səfərin təəssüratlarını oxuyarkən heyrətə gəlmişdim. Anar bölgənin etnoqrafik lövhələrini, dialekt xüsusiyyətlərini o qədər koloritli təsvir etmişdi ki, məndə bu dialekti canlı eşitmək arzusu yaranmışdı. Təbii ki, Bakıda Borçalı dialektini tələbəlikdən üzü bəri çox eşitmişdim. Ancaq bu, canlı dialektin (dialekt həyatının, mühitinin) özü yox, qırıntıları idi.
Tiflisə gedən yol boyunun mənzərəsi Azərbaycanın keçən əsrin 90-cı illərini "təkrar edir". Hər yerdə sovet hökumətinin xaraba qalmış həyat və məişət izləri: keçmiş kolxozların damı-pəncərələri uçulub dağılmış, xaraba vəziyyətə düşmüş iri binaları, sökülüb-dağılmış kənd təsərrüfatı maşınlarının yol qıraqlarına atılıb qalmış qalıqları, qaynaq aparatı ilə işləyən ustaların əli ilə primitiv dizayn verilmiş mağazalar… və s. Bütün bunlar məni ən azı 20 il əvvələ aparır.
Ancaq yol boyu geniş çöllər, əkin sahələri, heyvan sürüləri həyatın heç vaxt dəyişməyən ilahi ritmindən soraq verir. Lakin bütün bu torpaqların heç biri onun əsl sahibi olan azərbaycanlıların deyil. Gürcü "demokratiyasının" daha bir üzü özünü azərbaycanların tarixinə, mədəniyyətinə münasibətdə ifadə edir. Hər yerdə Azərbaycan türkünün bu torpaqdakı alın (tale) yazısını – yer adlarını dəyişdirir, gürcü adları ilə əvəz edir və bununla da Azərbaycan türkünün bu torpaqdakı tarixini hər vəchlə "cavanlaşdırmağa" çalışırlar. Hətta Azərbaycan türkünün bu ölkədə kökləri çox qədimlərə dayanan tarixi VIII-XIV əsrləri əhatə edən qədim gürcüdilli yazılı mənbələrdə saysız türkizmlərlə inkarolunmaz şəkildə təsdiq və sübut olunmasına baxmayaraq, bu tarix bayağı şəkildə saxtalaşdırılır, onun XVIII əsrin ortalarından başlanması, yəni Azərbaycan türklərinin bu torpaqda cəmi 250 illik tarixə malik olmaları göstərilir. Bunun tragikomedik tərəfləri ondadır ki, bu saxta (250 illik) "Azərbaycan tarixi" ərazisində beş əsr bundan əvvələ aid Şah Abbas məscidi kimi möhtəşəm abidə olan bir dövlətin rəsmi dövlət saytına da qoyulur.
Azərbaycan dilinin yazılı qaynaqlara qədərki dövrü haqqında qədim erməni və gürcü mənbələri əsasında aparılmış kollektiv tədqiqatda prof. Vaqif Aslanov göstərir ki, ümumi Azərbaycan-Qafqaz dil əlaqələrinin ayrılmaz hissəsi olan Azərbaycan-gürcü dil əlaqələri erkən orta əsrlərdən yaranmağa başlayıb. Qeyd etmək lazımdır ki, bu əlaqə Kartli ərazisində çoxtərəfli olub: xüsusilə antik dövrdə İberiya adlanan Şərqi Gürcüstanın öz türkdilli əhalisi ilə dil əlaqələri; qonşularla – azərbaycanlılarla və Türkiyə türkləri ilə dil əlaqələri. Bu, VIII-XIV əsrlərə aid gürcü yazılı abidələrində mövcud olan və həmin dövrdə türkdilli etnosun Zaqafqaziyadakı varlığına şahidlik edən məlumatlarla təsdiq olunur. Məsələn, əsas mətni VII əsrin 40-cı illərindən bəhs edən hadisələrlə tamamlanan "Moktsevay Kartlisay" Kartlidə Kür çayı boyunca yaşayan buntürklərdən bəhs edir. Yenə də həmin mənbədə 627/628-ci illərdə bizanslıların və xəzərlərin Azərbaycana (başqa sözlə – Aran-Alvana) və Gürcüstana (başqa sözlə – Kartliyə) yürüşü və Tiflisin xəzər sərkərdəsi (xəzərlərin özü tərəfindən Cibqu adlandırılan vitse-xaqan) tərəfindən mühasirəyə alınması haqqında danışılır.
Bütün bu gerçəklər fonunda Azərbaycan-türk tarixinə münasibətdə qeyri-obyektiv mövqe tutan müasir Gürcüstanda azərbaycanlılara aid orta məktəblərdə Azərbaycan dili və tarixinin tədrisi bütün vasitələrlə məhdudlaşdırılır və aradan qaldırılmağa çalışılır. Gürcülər, o cümlədən bu torpağın başqa qafqazdilli sakinləri daim türk-müsəlman dünyasının etnik enerjisindən qidalanıblar. Türk sıradan bir xalq yox, Avrasiya materikinin siyasi-etnik tarixini yaradan və yaşadan əsas etnoslardan biridir. Avropa, Asiya və Şimali Afrika qitələrinin tarixini türk etnosundan kənarda təsəvvür etmək mümkün deyil. Çünki bu tarixin əsas yaradıcılarından biri odur. Bu üç qitənin tarixi daim türklərlə nəfəs alıb. Türk etnosu tarixən təbiətin və mədəniyyətin bütün stixial enerjisini özünə akkumulyasiya edərək, superetnos səviyyəsinə qalxıb, Avropa və Asiyada tarixin gedişatının siyasi, inzibati, mədəni harmoniyasını müəyyənləşdirib. Avrasiyanın etnokosmik həyat alqoritmləri daim türk etnosunun enerjisi ilə qidalanıb. Bu cəhətdən türk etnosu ilə hər hansı şəkildə tarixi ünsiyyətdə olmaq özünü bir etnos kimi tükənməz etnokosmik enerji ilə təmin etmək deməkdir. Azərbaycan türklərinin Gürcüstan oykumenindəki varlığı, əslində bu ölkənin etnokosmik enerji ilə təminatına xidmət edir. Bu enerji ilə təmas gürcü milli kosmosuna daimi sabitlik, tarazlıq və harmoniya bəxş edir. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar özləri bunu dərk edib-etməmələrindən asılı olmayaraq, kökü tarixin dərinliklərinə gedib çıxan sosial ədalət, siyasi harmoniya, psixoloji yurdsevərlik keyfiyyətlərinin daşıyıcılarıdır. Bəşər tarixinin mutasiyası olan erməni kimi bir xalqla qonşuluq edən və onun Gürcüstanın varlığı üçün nüvə bombasından da dəhşətli fəlakət olmasını hələ bütün gerçəkliyi ilə anlamayan gürcü xalqının azərbaycanlılarla can bir qəlbdə yaşaması bu ölkənin tükənməz etnokosmik enerji ilə əbədi təminatı deməkdir. Bunu dərk etməyib, Azərbaycan-türk etnosunun tarixinə xor baxanlar əslində Gürcüstanın ayağının altını bilərəkdən (ermənilər) və ya bilməyərəkdən böyük bir sürətlə qazmaqdadırlar.
Lakin Gürcüstanda etnik kimliyindən asılı olmayaraq, bu həqiqəti cəmiyyətə açıq şəkildə çatdıranlar da var. Hüquq müdafiəçisi Elbrus Məmmədov bunlardandır. O, əslən Muğanlıdandır, sanballı bir söykökdən – Bayram öyü nəslindəndir. Bizim bütün səfərimiz - məişət qayğılarından tutmuş elmi müşahidələrədək onun təşkilatçılığı və qayğısı altında baş tutur. Tiflisdə bizi yerli siyasi həyatda yaxından iştirak edən Əli Babayev də böyük mehribanlıqla qarşılayır. Bizə hər cür qayğı göstərən Elbrus müəllim bütün rahatlığımızı təşkil edəndən sonra onu yola salırıq. Tiflislə baş-başa qalıb, onun koloritini duymaq, yaddaşıma yazmaq istəyirəm. Tiflis yaddaşıma iki cəhəti ilə xüsusi yazıldı: biri özünəməxsus koloriti, biri də qiyabi olaraq çoxdan tanıdığım və canlı şəkildə ilk dəfə bu şəhərdə tanış olduğum prof. Musa Qasımovla.
Musa Qasımov Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professordur. O, ictimai xadim, tarixçi alim, sürəkli pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi boş vaxtı olmayan adamdır. İndi Novruz tətilindən istifadə edib, Gürcüstan Dövlət Arxivində işləməyə gəlmişdi. Ermənilərin XIX-XX əsrlər ərzində azərbaycanlılara, türklərə və gürcülərə qarşı apardıqları fitnəkar siyasəti ifşa edən sənədlər üzərində işləyirdi. Biz onu televiziyadakı siyasi şərhlərindən yaxşı tanıyırdıq. Ancaq Musa müəllimin gürcü və xarici ölkə alimləri ilə də yaxın elmi əlaqələri var. Xarici ölkələrdə sanballı elmi kitabları nəşr olunur, öz sahəsi üzrə təkcə Qafqaz alimləri arasında deyil, o cümlədən qərb elmi dairələrində də nüfuzlu tarixçi ekspert kimi qəbul olunur. Musa müəllim orada olduğumuz müddətdə hər axşam çay süfrəsi ətrafında və hər səhər yemək zamanı bizə arxivdə əldə etdiyi maraqlı faktlardan, ermənilərin Qafqazda ümumən türk xalqlarına və gürcülərə qarşı apardığı mənfur siyasətdən... danışdı.
O, bizim buraya Gürcüstan azərbaycanlılarının keçirdiyi Novruz bayramının elmi müşahidəsini aparmağa gəldiyimizi biləndə sevindi. Xəyalları onu keçmişə – Yardımlıda uşaqkən canlı şəkildə iştirak ediyi Novruz bayramına, çərşənbə axşamı oyunlarına apardı. Novruzun o bölgə üçün xarakterik olan adətlərindən söhbət açdı. Biz də fürsəti əldən verməyib, onu Muğanlıdakı Novruz bayramına dəvət etdik. Vətənsevər alim bizi sındırmadı: vaxt tapacağına, iş qrafikində dəyişiklik edəcəyinə söz verdi.
Mənsə bu an Novruz fenomeni, onun hər bir azərbaycanlının mənəviyyat dünyasında müstəsna dərəcədə əziz və hörmətli yerinin olması barəsində düşündüm. Dəqiq bilirdim ki, Musa müəllimin dəvəti qəbul etməsi bizim xatirimizə yox, Novruz bayramının xatirinədir. Öz elmi və siyasi fəaliyyətində Azərbaycan və gürcü xalqları arasında dostluğu, qardaşlığı, mehriban qonşuluğu, siyasi-iqtisadi əməkdaşlığı möhkəmləndirən hər bir nöqtəyə həssas məqam kimi xüsusi əhəmiyyət verən Musa Qasımov bu ölkədə azərbaycanlıları bir etnik toplum kimi minillər boyunca ayaqda saxlayan, onların malik olduqları mənəvi-etnik dəyərləri vahid milli sistemdə birləşdirən və bununla da toplumu dağılmağa qoymayan "Novruz bayramının dəvətini" qəbul etməyə bilməzdi.

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru