Gətirdin Bakımın, Təbrizimin istisini mənə... Mədəniyyət

Gətirdin Bakımın, Təbrizimin istisini mənə...

Danışdım gecə-gündüz ana dilimdə, ah, nə şirinlik duydum...

Qulamrza Səbri Təbrizinin əsərlərində vətən sevgisi, vətən hissi bəşəri sərvətlərin anlayışı ilə olduqca yetkin və zəngindir. Vətənə məhəbbət Səbri Təbrizinin misralarında mücərrəd, patetik hissdən uzaqdır, bu hiss həmişə konkret və fərdidir. Vətən şairin lirik qəhrəmanını təsəvvüründə, anlamında doğma, isti, əvəzsiz yurddur, ocaqdır. Buna görə də o, harda olsa, fikrən, ruhən doğulduğu, böyüyüb boya-başa çatdığı ocaqdan bir an belə ayrılmazdır.
Şübhəsiz ki, ocağa, doğma yurda bu cür bağlılıq qətiyyən məhdud hiss adlandırıla bilməz. Çünki şairin lirikasında vətən hissinin konkretliyi, milli özünəməxsusluğu aparıcı qüvvədir. Onun lirik qəhrəmanı dünyanın harasında olursa-olsun, xəyalən kəndə, anasının qərar tutduğu ocağa qayıdır. Şairdə "bu qayıdış" mənəvi qaynaqdan, ocaqdan ayrılmamaq təzahürüdür. Onun lirikasında insan bu qayıdış sayəsində xaraktercə bütövdür. Şairin poetik "mən"i hisslərin mübarizəsindən, dramatizmindən mənən zəngin, nikbin şəxsiyyət kimi çıxır.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərin yaradıcılığında folklora qayıdış, xalq adət-ənənələrinə sıx bağlılıq, onların lirik qəhrəmanlarının doğulub boya-başa çatdıqları kəndə olan güclü meylləri, sevgisi ilə bağlıdır. Kimsədə şübhə doğurmur ki, folklor elementlərini, xalq adət-ənənələrini dərindən mənimsəmək, bilmək, öyrənmək üçün kənd misilsiz vasitədir. İnkişaf etmiş şəhərlərdə bir çox unudulanları hökmən kənddə axtarmaq lazımdır və bunu da etiraf etmək lazımdır ki, kəndin verdiyi milli qaynaqları şəhər heç zaman verə bilməz. Kənddə nənələrimizin yun didərkən, cəhrə əyirərkən, nehrə çalxalayarkən, palaz toxuyarkən oxuduqları bayatılar, nəğmələr, söylədikləri rəvayətlər, hekayətlər keçmişlərdən süzülüb gələn xalq həyatını gözümüzn önündə gözəl bir şəkildə canlandırır. Hələ nehrə çalxalamağın, pendir tutmağın, cəhrə əyirməyin, xalça-palaz toxumağın folklor nişanələri, xalq adət-ənənələrinin göstəricisi olmasını da bura əlavə etsək, onda folklor ab-havası ilə yaşayan kəndlə şəhər həyatı arasında xeyli fərq görərik. Qulamrza Səbri Təbrizinin bir sıra şeirlərindəki poetik "mən"i şəhər qayğılarının əhatəsindədir. Bu şəhər hardadır - Avropadadır, Amerikadadır, fərqi yoxdur, səsli-küylü, gecə-gündüz qaynayan, avtomobillərinin sürəti, insanlarının cürbəcür donlara düşməsi ilə sanki zamanı qabaqlayan, gələcəyə daha tez çatmaq üçün tələsən şəhərdir. Şübhəsiz ki, bütün bunlar şairin poetik "mən"ini öz təzyiqi altına alır. Ancaq o, öz fikri, hissi ilə doğulduğu kəndə bağlıdır. Ona görə də imkan tapan kimi xəyalən kəndə qayıdır; o kəndə ki, orda onun uşağlıq xatirələri yaşayır. Qulamrza Səbri Təbrizinin qəhrəmanı üçün bu qayıdış-vətəndaşlıq yetkinliyinin əsas səbəblərindən biridir:

Ana!
Ay ana!
Ah, kaş olaydım
Bir dərya,
Balıqlar üzəydilər
Sularımda,
Ya bir ovuc torpağa
dönəydim.
Açaydı çiçəklər
Köksümdə.
Göy üzünün günəşi
Saralıb sönərkən,
Kəndimizin sürüləri
Örüşdən dönərkən
Sinəmdən adlayıb
Keçəydi.
Ya heç olmasa,
Bir əsim yel olub
Sarılaydım
Tənha çinarların
yarpaqlarına.
Ya da çiskin yağışa
dönüb,
Səsiz-səmirsiz
Qarşaydım torpaqlarına.

Qulamrza Səbri Təbrizinin şeirləri belə bir nəticə üçün əsas verir ki, şair gerçəkliyin aktual ictimai cəhətdən əhəmiyyətli tərəfini əks etdirməklə əsərlərində forma, ifadə vasitələri cəhətdən də müəyyən yeni cizgilər mənimsəyir. Gerçəkliyin məzmunu poetik əsərin formasına, emosional-obrazlı vasitələrinə təsirsiz qalmır. Şairin lirikası subyektiv-şəxsi başlanğıca daha çox meyllidir. Biz zamanı, dünyanı lirikada şairin "mən"i vasitəsilə qavrayır və mənimsəyirik. Şairin lirik qəhrəmanının bir cəhəti də öz əslinin, ilkinliyini, milli xarakterini dərk etməyə çalışması da çox mühümdür:

Uzaq Britaniyada –
Şimal sularında üşüyən adada
Gətirdin Bakımın,
Təbrizimin istisini mənə.
Odunu, ocağını, tüstüsünü mənə.
Danışdım gecə-gündüz ana dilimdə,
Ah, nə şirinlik duydum dilimdə.
Çıxardım içimdən, varlığımdan
İllərcə yorğun həsrəti.
Unutdum ayrılığı, qürbəti.
Heç bilmədim zaman necə vərəqləndi,
Günlər necə bitdi.
İndi məni tərk edib gedirsən
Dayanıb baxıram lal kimi.
Vətənə döndüyünçün
Səni əyləməyə dilim gəlmir.
Gözlərimin qabağındaca
Çıxıb gedirsən.
Qucaqlaşıb ayrılırıq
ikimiz həyəcanlı,
Səni vətən gözləyir,
Məni vətən həsrəti.

Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin yaradıcılığını əsasən vətən həsrətilə, doğma Azərbaycan dili məhəbbətilə, vətənin parçalanması fəryadı ilə yazdığı şeirlər əhatə edir.
Onu da qeyd etmək lazımdır ki, 50-80-ci illər Cənubi Azərbaycan şeirinin siyasi-ideoloji fəthinin qüvvətləndiyi bir dövr idi. 1950-1980-ci illərdə yazıb-yaradan Cənubi Azərbaycan şairlərinin poeziyasında şaha qarşı qarşısıalınmaz bir üsyan vardı. Bu üsyançıların önündə, özü də tək poeziyasının dili ilə deyil, fiziki varlığı ilə xalqın azadlığı, milli istiqlalı, hürriyyəti uğrunda hər əzaba qatlaşan, cəmisi 28 yaşında ikən Rza şahın cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Əlirza Nabdil Oxtay da vardı. Əlirza Nabdil Oxtayın heyrətamiz dərəcədə vətənpərvər olmağı çoxlarında heyrət doğururdu. Ortaya belə bir sual çıxırdı: bu gəncin inanılmaz dərəcədə vətəni sevməyinin, xalqının, millətinin, xalqın azadlığının yolunda hər an canını qurban verməyə, şəhid olmağa hazır olmağına səbəb nə idi?
Bəkir Nəbiyev yazır: "Oxtayın əsərlərində qüvvətli bir xəlqilik hakimdir. Onun xəlqiliyi birinci növbədə müəllifin vətən tarixinin mühüm mərhələlərinə, xalq mənəviyyatının incəliklərinə, Azərbaycan xalqının real və əfsanə qəhrəmanlarına yaxından bələd olması ilə şərtlənir. Təsadüfi deyil ki, "Qılınc nağılı" şeirində təsvir olunan nurani qoca bu dünyadan köçərkən öz övladları üçün var-dövlət, cəvahirat yox, babalardan qalma bir qılıncı irs kimi qoyub gedir. Özü də bu qılınc:

Domrulun əlində ev quran imiş,
Koroğlu belində xan qovan imiş.
Şah İsmayıl çağı topqıran imiş,
Səttarxandan bəri qalmış qınında".

Tarixin əsl yaradıcısı bərbəzəkli saraylarda eyş-işrətə dalan harın hökmdarlar yox, həmin sarayların daşlarına ikinci həyat vermiş qabarlı əllərin sahibləri, el yolunda canından keçən zəhmət adamlarıdır. Ona görə də əzəmətli saraylar yalnız o zaman pak və ürəkaçandır ki, onların divarları arasında firon təbiətli dərəbəylər hökmranlıq etmirlər. "Soltaniyyə sarayı" şeirində və başqa əsərlərində də Ə.Oxtayın xalq tarixinə baxışı belədir.
Bir şair kimi Ə.Oxtayın qəlbində xalq şeirinə, sənətinə, el sözlərinə məhəbbət o qədər güclü idi ki, doğma obaları dolasarkən eşitdiyi folklor nümunələrinə biganə qala bilmir, onları qeydə alır, hətta bəzilərini eynilə özünün gələcəkdə nəşr etdirmək niyyətində olduğunu kitabına salırdı:

Qaladan qalaya üç qızıl günbəz,
Hər birin dindirsən, heç biri dinməz.
Bacısı göyçəyin heç üzü gülməz,
Ay gedən yoldaşlar, dayanın gəlim!"

Danılmaz bir həqiqət var. Vətəni, torpağı həqiqətən sevən insanlar hökmən vətən, torpaq, xalq üçün lazımlı bir iş görürlər. Bəziləri isə Əlirza Nabdil Oxtay kimi qanıyla, canıyla, qələmiylə vətənə öz intəhasız sevgisini bildirir. Bu cür insanlar daim xalqın qəlbində yaşayırlar.

Vüqar Əhməd
professor