Yaxın Şərq müəmması İqtisadiyyat

Yaxın Şərq müəmması

Neftlə bağlı şübhələr artır

Cavid

Hazırda neft bazarları Yaxın Şərqdə baş verənlərə kifayət qədər reaksiya vermir. Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Rusiyanın Yaxın Şərqdə aktivliyini artırması fonunda dünya güclərinin qarşı-qarşıya dayanması növbəti dövrlər üçün riskləri artırır: "Bu proses bazarlara müəyyən siqnallar verə bilər. Növbəti dövrlərdə neftin qiyməti ilə bağlı müəyyən artımlar müşahidə ediləcək. Ancaq hazırda neft bazarları Yaxın Şərqdə baş verənlərə kifayət qədər reaksiya vermir. Maliyyə bazarlarında dolların öz mövqeyini zəiflətməsi neftin qiymətinə daha çox təsir edir, nəinki Rusiyanın Yaxın Şərqə birbaşa müdaxiləsi. Rusiyanın atdığı addımların altında neftlə bağlı məqsədlər gizlənirsə, hələlik Moskvanın buna nail olması çətin görünür".
İqtisadçı OPEK, Rusiya və digər neft ölkələrində hasilatın azadılmasna dair baxışların birmənalı olmadığını deyib: "Neft ehtiyatlarının həcmi artdıqca və alternativ enerjinin tətbiqi genişləndikcə neftin dünya bazarındakı gələcək qiymətləri ilə bağlı ciddi şübhələr yaranır. Neft ehtiyatları olan ölkələrin hazırkı şərtlər daxilində əllərində olan nefti dollara çevirməyə can atması da məhz bundan xəbər verir. Neftin qiymətində qarşıda bahalaşma ola bilər, ancaq bu, dolların alıcılıq gücünü itirməsi qarşılığında əvvəlki effekti verə bilməz".
İqtisadçı hesab edir ki, ABŞ-ın atdığı addımlar, elmi-texniki imkanların genişlənməsi və son 5 ildə şist neftinin istehsal imkanlarının sürətlə dəyişməsi və maya dəyərinin aşağı düşməsi Rusiyanın məqsədinə nail olmasına imkan verməyəcək: "Hətta Rusiyanın özü belə neftin qiymətinin ucuzşladığı dövrdə neft hasilatını artıran ölkələrdən biridir. Bu gün ciddi maliyyə sıxıntıları ilə üzləşmiş neft ölkələri itirdiklərinin müəyyən bir hissəsini neft hasilatını artırmaqla kompensasiya etmək istəyirlər. Çünki bu ölkələrin tədiyyə balansı üçün ciddi risklər yaranıb".