Tibbi-sosial reabilitasiya sahəsində Fransa ilə təcrübə mübadiləsi İqtisadiyyat

Tibbi-sosial reabilitasiya sahəsində Fransa ilə təcrübə mübadiləsi

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial reabilitasiya xidməti üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Fransa Respublikasında səfərdə olub. Səfər əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası işinin təşkili sahəsində Fransa təcrübəsi ilə tanışlıq və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin "Expertises France" şirkətində görüşlər keçiriblər. Bu ölkənin aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçən görüşlərdə şirkətin əlilliyi olan şəxslərlə bağlı həyata keçirdiyi çoxsaylı layihələr barədə təqdimatlar dinlənilib. Fransada əlilliyi olan insanların sosial müdafiəsi və sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi yönündə aparılan siyasət, bu təbəqədən olan şəxsləri əhatə edən tibbi-sosial reabilitasiya sistemi və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib. Görüşlərdə ölkəmizin də müvafiq sahədə təcrübəsindən bəhs olunub, qeyd edilən məsələlərlə əlaqədar təcrübə mübadilələri aparılıb. Nümayəndə heyəti Fransada əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən müəssisələrin iş təcrübəsi ilə də yaxından tanış olublar.
Səfər "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində təşkil olunub. Layihədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.