17:02
518
Fiziki investisiya qızılının qlobal bazarının həcmi təxminən 13 trilyon dollar olsa da, rəqəmsal qızılın payı bu bazarın 1%-dən azdır. Bununla belə, yeni rəqəmsal məhsullara marağın artması və investisiya imkanlarının genişlənməsi bu seqmentin böyüməsi üçün əhəmiyyətli potensial yaradır.
Bu barədə “APA-Economics” Dünya Qızıl Şurasına (World Gold Council) istinadən xəbər verir.
Məlumata əsasən, rəqəmsal qızıl bazarının hazırkı həcmi 45-55 milyard dollar arasında qiymətləndirilir. 2026-cı ilin birinci rübündə tokenləşdirilmiş qızıl (fiziki qızıla və ya ona olan hüququ rəqəmsal formada ifadə edən aktiv - red.) üzrə məcmu spot ticarət həcmi 90 milyard dollar təşkil edib ki, bu da 2025-ci ilin bütün göstəricisindən çoxdur.
Tədqiqatın baza ssenarisinə görə, rəqəmsal qızıl bazarı ildə orta hesabla 27% artaraq 2031-ci il üçün 160-170 milyard dollara çata bilər. Uzunmüddətli perspektivdə isə bu bazarda reallaşdırılmamış potensial tələbin 700 milyard dollaradək yüksələ biləcəyi ehtimal olunur.
"Bu potensial tələbin tam reallaşması nəticəsində rəqəmsal qızıl bazarının həcmi hazırda fiziki qızılla təmin olunan birja investisiya fondları (ETF) bazarının həcmi ilə təxminən eyni səviyyəyə çata bilər", - məlumatda qeyd olunur.
Məlumat üçün qeyd edək ki, tokenləşdirilmiş qızıl fiziki qızıla uyğun gələn və hər bir tokenin müəyyən miqdarda fiziki qızıla bərabər olduğu rəqəmsal aktivdir. Bazarda əsas paya “Tether Gold” (XAUT) və “Paxos Gold” (PAXG) tokenləri sahibdir və onların ümumi payı seqmentin 90%-dən çoxunu təşkil edir.