Makron: "Fransa haqqında cəfəngiyat danışmayın" Gündəm

Makron: "Fransa haqqında cəfəngiyat danışmayın"

Fransa Prezidenti Emmanuel Makron ölkədə yaranmış etirazlar və iğtişaşlar fonunda Parisi tənqid edən xarici siyasətçiləri və dövlət başçılarını pisləyib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Qətərə səfəri zamanı jurnalistlərə bildirib. Onun bəyanatını Yelisey sarayının mətbuat xidməti yayımlayıb.

"Mənim fikrimcə, baş verən hadisələrdə xarici müdaxilə izi görünmür. Lakin xaricdən məlumatların manipulyasiya edilməsi cəhdi var idi və bu, şübhəsiz ki, bir çoxlarının, o cümlədən xarici liderlərin yolverilməz və eynı zamanda axmaq şərhinə gətirib çıxardı", — deyə o, bildirib.

Dövlət başçısı Fransanı "miqrant və islamçı ordalarının zəbt etməsi" barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib. Həmçinin o, şəbəkədə süni intellekt (Sİ) vasitəsilə yaradılmış etiraz mövzulu çoxlu sayda görüntülərin ortaya çıxmasına diqqət çəkib. Prezident xarici siyasətçilərin guya "Fransanın hesabına" öz siyasi kampaniyalarını aparmaq üçün saxta məlumatlardan istifadə etməsinə hiddətlənib.

O, vurğuladı ki, "İndi ölkəmiz haqqında pis danışanların hamısı ölkəmizi sevməyən insanlardır və bu insanlar məni qıcıqlandırır. Mən regionda və ya Atlantik okeanının o tayında kampaniya aparan və bəzən sadəlövhlüklərinə görə süni intellektin yaratdığı şeyləri təkrarlayan və ya müəyyən dairələrin insanların Fransada baş verənlər barədə inandırmaq istədiklərini çatdıran siyasətçiləri görürəm. Bizə buna ehtiyac yoxdur; olduğu kimi kifayət qədər problemlərimiz var, ona görə də cəfəngiyat danışmağa ehtiyac yoxdur."

Ötən həftəsonu Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min nəfər iştirak edib, daxili işlər nazirliyi isə 550 min nəfər sayıb. Bir neçə şəhərdə çıxışlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Ədliyyə naziri Jerald Darmanenin bildirdiyinə görə, oktyabrın 17-də 3 minə yaxın mağaza qarət edilib, 2,5 mindən çox insan saxlanılıb.

Məryəm Quliyeva