Kibertəhlükəsizlik problemi İqtisadiyyat

Kibertəhlükəsizlik problemi

NATO Azərbaycanda bu sahədə təlimlərin keçirilməsinə yardım edəcək

Tərlan

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov NATO baş katibinin təhlükəsizliyin yeni çağırışları üzrə müavini, səfir Sorin Dukaru ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, alyansın Azərbaycanla tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik sahəsində inkişafının önəmini qeyd edən Ə.Abbasov ölkəmizdə bu istiqamətdə aparılan işlərdən söz açıb.
İnformasiya ehtiyatlarının qorunması, kibertəhdidlərin qarşısının alınması və dəf edilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyət göstərdiyini deyən nazir qurumların bu sahədə kompleks tədbirlər həyata keçirdiklərini vurğulayıb. Nazir qeyd edib ki, ölkədə getdikcə artmaqda olan internet istifadəçilərinin sayının hazırda 70%-ə çatdığı, milli internet resurslarının, azərbaycandilli kontentin inkişaf etdirilməsi üzrə işlərin aparıldığı indiki məqamda məlumatların təhlükəsizliyinin təmin edilməsi, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının müdafiəsinin ən yüksək səviyyədə təşkili məsələləri böyük DATA mərkəzlərinə ehtiyacı ortaya çıxarır. Bu baxımdan, beynəlxalq təcrübə əsasında ölkəmizdə ən müasir DATA mərkəzlərinin qurulması istiqamətində intensiv əlaqələr yaradılıb.
S.Dukaru hazırda bir çox ölkələrlə, həmçinin Azərbaycanla müxtəlif istiqamətlər, o cümlədən kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduğunu vurğulayıb. Təşkilatın müxtəlif ölkələrdə kibermühafizə üzrə qabaqcıl təcrübə mərkəzlərinin yerləşdiyini deyən səfir qeyd edib ki, NATO kibertəhlükəsizlik sahəsində milli strategiyaların formalaşdırılması üçün bu mərkəzlərdə qazanılan təcrübələri təşkilata üzv olan və üzv olmayan tərəfdaşlarla bölüşmək, həmçinin bu ölkələrdə müvafiq təlimlərin keçirilməsinə yardım etmək fikrindədir. Öz növbəsində Ə.Abbasov alyansın kibertəhlükəsizlik sahəsində təşəbbüslərinin təqdirəlayiq olduğunu qeyd edərək, Azərbaycanla əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Son illərdə tez-tez iqtisadi "informasiya müharibəsi", "elektron müharibə", "psixoloji müharibə", "informasiya imperializmi", "haker müharibəsi" anlayışlarla rastlaşırıq.
Gedişatın təhlili göstərir ki, insanların bundan sonra bu cür proseslərə hazırlığı olmasa, təkcə onların şəxsi ilə bağlı yox, ümumən mənsub olduğu xalq və dövlət sarıdan da cidi problemlərin yaşanmasına səbəb olacaq. Bəs neyləməli ki, bu kimi proseslərdə böyük çaşqınlıqlar olmasın? İlk növbədə insanların informasiya hazırlığı yüksək səviyyədə olmalıdır.
İnformasiya müharibəsində əməliyyatlar və istiqamətlər, informasiya hücumu, informasiya müdafiəsi, informasiyanın məhvi, informasiyanın bloklanması və s. anlayışlar haqqında bilgilərin olması vətəndaşların bu kimi problemlərə qarşı
daha hazırlıqlı olmasını şərtləndirir. İnformasiya texnologiyaları üzrə mütəxəssis İradə Ələkbərova bildirir ki, informasiya müharibəsində nəqliyyat, energetika, maliyyə və hərbi sahələrlə bağlı informasiya sistemlərinə hücum imkanlarını nəzərdən qaçırmamaq lazımdır. Bu informasiya sistemləri kritik mühüm infrastruktur adı almış komplekslərdir: "Bu hücumların mümkünlüyü iqtisadi sahədə böyük itkilərə səbəb ola bildiyinə görə, ötən yüzilin 90-cı illərinin ortalarından başlayaraq kibermüharibələr hərbi və mülki ekspertlərin diqqətli araşdırma predmetinə çevrilib".
Müasir informasiya müharibəsində əməliyyatlar iki üsulla aparılır: informasiya-texniki təsir və informasiya-psixoloji təsir. İnformasiya-texniki təsir - müxtəlif növ informasiya sistemlərinə (verilənlər bazası, verilənlər bankı, analitik sistemlər və s.), telekommunikasiya vasitələrinə, kompyuter şəbəkəsinə və s. texniki vasitələrə təsirdir: "İnformasiya-texniki təsir dedikdə radioelektron mübarizə, radioelektron kəşfiyyat, kompyuter şəbəkələrinə müdaxilə, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi əlaqə və idarəetmə sistemləri, dövlətin maliyyə-iqtisadi
fəaliyyətləri və s. ola bilər. İnformasiya-psixoloji təsir - siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat, "beyinlərin yuyulması" və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji təsir zamanı hansı üsuldan istifadə olunacağı ilk növbədə məqsəd və hədəflərin düzgün təyinindən asılıdır. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır. Bu halda azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi təqdim etmək informasiya psixoloji müharibələrdə ən effektli təsir növlərindəndir. İnformasiya müharibəsi zamanı psixoloji müharibə vasitələrindən istifadə bir tərəfdən mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə onu digər informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir və bununla da cəmiyyətin maraqları bu cəmiyyətə qarşı informasiya müharibəsi aparan tərəfin maraqlarına tabe etdirilir".
Mütəxəssis daha sonra bildirir ki, informasiya müharibəsində əməliyyatlar əsas iki istiqamətdə aparılır - informasiya hücumu və informasiya mühafizəsi. İnformasiya hücumu - qarşı tərəfin informasiya infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı verməməkdir: "Burada informasiya hücumunun hədəfi kimi dezinformasiya, radioelektron vəsaitlərin məhvi, informasiya bazalarının məhvi, qarşı tərəfin kompyuter şəbəkəsinə hücum və s. daxildir. Bu sırada qarşı tərəfin elektron informasiya bazalarının kiberməhvi xüsusi önəm daşıyır. İnformasiya müharibəsində informasiya hücumu dedikdə şəbəkələrarası birləşmələr vasitəsi ilə informasiya hesablama şəbəkələrinə təsir, şəbəkədə aktiv axtarış, icazəsiz fəaliyyət və nəhayət, informasiya qarşıdurması nəzərdə tutulur".
İnformasiyanın müdafiəsi - obyektin öz məlumatlarının və informasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə tutulur. Bura informasiyanın strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s. daxildir: "İnformasiya müharibəsinin müdafiə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur. İnformasiya müharibəsinin istiqamətlərinin çoxşaxəlı olması onun xüsusiyyətinə də təsirini göstərir. Təsir obyekti informasiyanın və ya informasiya sistemlərinin bütün formalarıdır. Sərbəst obyektlər kimi bütün növ informasiya və informasiya sistemləri istifadə mühitindən ayrılmaqla təsir altında saxlanılır. Təsir obyekti həm silah, həm də müdafiə obyekti kimi istifadə edilir. İnformasiya müharibəsi həyat fəaliyyətinin müxtəlif sahələrində həm müharibə elan edilərkən, həm də böhran vəziyyətlərdə aparılır".