Azərbaycandan 412 milyon ton neft daşınıb İqtisadiyyat

Azərbaycandan 412 milyon ton neft daşınıb

"Caspian Oil & Gas" konfransı işini yekunlaşdırıb

Bakıda keçirilən ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransının ("Caspian Oil & Gas") ikinci günündə - iyunun 3-də "Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi", "Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması", "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi" və "Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri" adlı dörd sessiya keçirilib. "Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi" adlı sessiyada çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft-qaz sahəsində həyata keçirilən layihələrdən və əldə edilən nailiyyətlərdən danışıb.
O bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan işləmənin əvvəlindən indiyədək 398 milyon ton neft və 121 milyard kubmetr təbii qaz hasil edilib. Hazırda AÇG-dən gündəlik 90 min ton neft hasil olunur. Yataqlar blokunun gündəlik qaz hasilatı isə 36 milyon kubmetrdir: "Azərbaycan bu il iyunun 1-dək AÇG-dən 220 milyon ton mənfəət nefti əldə edib. Cari ilin 5 ayında isə yataqlar blokundan 13,5 milyon ton neft hasil olunub ki, bunun da 7,5 milyon tonu, yəni 56 faizi Azərbaycanın mənfəət neftidir. İyunun 1-dək Azərbaycandan 412 milyon ton neft daşınıb. Bu həcmin 304 milyon tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) ilə nəql edilib".
Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağından indiyədək 955 milyon kubmetr təbii qaz və 153 min ton kondensat hasil olunduğunu deyən X.Yusifzadə bildirib ki, yatağın işlənməsi layihəsi çərçivəsində 4 özülün quraşdırılması və həmin özüllərdən 19 istismar quyusunun qazılması üzərində iş aparılır. Hazırda "Ümid" yatağında 2 quyu işləyir, bir quyu isə qazılmaqdadır.
SOCAR-ın birinci vitse-prezidenti məlumat verib ki, şirkət 2016-2025-ci illərdə "Bulla-dəniz" yatağında 5 yeni özül tikməyi planlaşdırır. Bu özüllərdə 26 quyunun qazılması nəzərdə tutulur. Hazırda "Bulla-dəniz"də yeni istifadəyə verilən və dərinliyi 5 min 900 metr 78 nömrəli axtarış quyusunun qazma işləri aparılır. Digər sessiyada isə neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna toxunulub. SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun sədrliyi ilə keçirilən sessiyada mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəliklərini, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulmasını, kadr ehtiyatının yaradılmasını və bir sıra digər mövzuları müzakirə ediblər. Sessiyanın məruzəçiləri arasında "BP", "SAP" və "Petronas" şirkətlərinin, Bakı Ali Neft Məktəbinin nümayəndələri də yer alıb.
Otuzdan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirak etdiyi konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün meydança rolunu oynayıb. Konfransda ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış etdilər. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə üzrə nazirliklərin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən konfrans bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradıb. Konfransın baş sponsoru SOCAR, qızıl sponsorları "BP", "General Electrics" və "Snam" şirkətləri, gümüş sponsorlar "Inpex" və "McDermott" şirkətləri, bürünc sponsorları isə "Caspian Geophysical", "Dentons", "Nobel Upstream", "SAP", "Schlumberger", "Statoil", "Total" və "GMA Petroleum" şirkətləridir.