“SOCAR Tower” 2016-cı ilin ən yaxşı ofis binası elan edilib İqtisadiyyat

“SOCAR Tower” 2016-cı ilin ən yaxşı ofis binası elan edilib

İnşaat sahəsində beynəlxalq nüfuza malik "Engineering News Record" (ENR) jurnalı 2016-cı il üçün "Ən yaxşı qlobal layihələr" müsabiqəsinin qaliblərini elan edib. Müsabiqəyə "Thornton Tomasetti" şirkəti tərəfindən təqdim edilmiş "SOCAR Tower" "Ofis binası" nominasiyasında qalib gəlib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, "ENR" jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək, onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb. Müsabiqənin qalibləri haqqında ətraflı məlumat "ENR" jurnalının sentyabrın 19-da dərc ediləcək buraxılışında veriləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda Nyu-Yorkdakı "Hilton Midtown" otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
SOCAR-ın yeni inzibati binası – "SOCAR Tower" Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işləri 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.