Dünya Bankı islahatlara dəstək verəcək İqtisadiyyat

Dünya Bankı islahatlara dəstək verəcək

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının pensiya üzrə missiyası ilə görüş keçirilib. Missiyaya Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri xanım Asta Zviniene, baş iqtisadçı Zoran Anusic, səhiyyə üzrə baş mütəxəssis xanım Elvira Anadolu daxildir. Görüşdə həmçinin Dünya Bankının ölkə ofisindən Səbinə Quliyeva da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan islahatların Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə uğurla davam etdirildiyini vurğulayıb: "Bu islahatlar sığorta-pensiya sistemini də əhatə edib və ölkədə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modeli formalaşıb. Mütərəqqi dünya təcrübəsində sığorta-pensiya sistemi ilə bağlı mövcud olan ən mühüm elementləri özündə birləşdirən bu model pensiya təminatında sığorta prinsiplərinə keçidi uğurla təmin edib".
Səlim Müslümov bildirib ki, qurulmuş sığorta-pensiya sistemi əmək haqları, sosial sığorta ödənişləri və pensiya təminatı arasında üzvi əlaqəni təmin edir. Ölkəmizin sosial-iqtisadi inkişafı şəraitində əmək haqlarının mütəmadi artımı, toplanan sosial sığorta haqlarının artımı ilə nəticələnir ki, bu da pensiya məbləğlərinin yüksəlməsinə imkan yaradır: "Azərbaycanda pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artıb. Pensiyaların orta aylıq məbləği artıq pensiyaçılar üçün yoxsulluq həddini 2 dəfəyə yaxın üstələyir. 2006-cı ilin əvvəlindən ölkəmizdə tətbiq olunan müasir sığorta-pensiya sistemi vətəndaşların da gələcəkdə layiqli pensiya təminatına malik olmaq baxımından bu sistemdə fəal iştirakını stimullaşdırıb. Həmin vaxtdan sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı ötən dövrdə 3 dəfədən çox artaraq 3 milyon 300 min nəfəri ötüb. Nəticədə, pensiyaların maliyyə təminatı üçün vacib faktor kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artmaqda davam edir və bu ilin 9 ayında bu artım ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz təşkil edib. O da müsbət məqamdır ki, qeyri-büdcə sektorundan daxilolmalarda mütəmadi artım qeydə alınır. Bu artım tendensiyası ölkədə pensiyaların hər ay nəzərə tutulan qrafik üzrə maliyyələşdirilməsinə imkan verib".
Səlim Müslümov nazirliyin digər elektron sistemləri kimi, avtomatlaşdırılmış sığorta-pensiya sisteminin, ümumiyyətlə bu sahədə həyata keçirilən islahatların Dünya Bankı, BMT İP, Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi nüfuzlu qurumlar tərəfindən qabaqcıl təcrübə kimi yüksək dəyərləndirildiyini ifadə edib: "Hazırda milli əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmətlər mövcuddur ki, onlardan mühüm bir hissəsi də sığorta-pensiya sisteminə aiddir. Həm sosial sığorta sahəsində, həm də pensiya təyinatı üzrə bütün xidmətlərdən vətəndaşlar müvafiq quruma müraciət etmədən elektron müstəvidə faydalanmaq imkanlarına malikdirlər".
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edən nazir əmək və sosial müdafiə sistemində aparılan islahatlarda bu əməkdaşlığın, birgə icra edilən "Sosial Müdafiənin İnkişafı" layihəsinin dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Bundan sonra da sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində Dünya Bankı ilə əməkdaşlığın məqsədyönlü şəkildə davam etdirilməsi diqqətdə saxlanacaq.
"2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" na uyğun olaraq sığorta-pensiya sistemində islahatların davam etdiriləcəyini vurğulayan Səlim Müslümov qarşıda duran əsas hədəflər barədə məlumat verib.
Asta Zviniene, Zoran Anusic, Elvira Anadolu ötən dövrdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatların bu sahənin, eləcə də sığorta-pensiya sisteminin mütərəqqi mexanizmlər üzərində formalaşmasına səbəb olduğunu və Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar. Onlar bu islahatlarda Azərbaycan hökumətinin Dünya Bankı ilə səmərəli əməkdaşlığından məmnunluqla söz açaraq, təmsil etdikləri qurumun bu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd ediblər.
Görüşdə islahatlar prosesi ilə əlaqədar əməkdaşlıq müstəvisində birgə fəaliyyətin nəticələri nəzərdən keçirilib. Qarşıdakı dövrdə atılacaq addımlara, əməkdaşlığın gələcək istiqamətlərinə və sığorta-pensiya islahatları ilə əlaqədar növbəti üç ildə Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyən olunmasına dair müzakirələr aparılıb.