12:40
168
“Ermənistanın KTMT-dəki mövcudluğu ilə bağlı proseslər artıq yeni mərhələyə qədəm qoyub. Bu gedişlə növbəti qərar Ermənistanın təşkilatdan çıxarılması da ola bilər. Proseslərin istiqaməti bunu deməyə əsas verir. Belarusun xarici işlər naziri də Ermənistanın məxfi sənədlərə çıxışının məhdudlaşdırılması məsələsini gündəmə gətirib. Bu da ciddi məsələdir. Bütün bunlar göstərir ki, Ermənistanın "rus NATO"sundakı imkanları getdikcə daralır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
C.Abbaslı söyləyib ki, əgər Ermənistan Avropaya inteqrasiyanı, xüsusilə də Avropa İttifaqına üzvlüyü qarşısına əsas strateji hədəf kimi qoyubsa, bu, onun KTMT-dəki gələcəyini ciddi şəkildə sual altına alacaq: “Çünki hər iki istiqamətdə paralel şəkildə irəliləmək Ermənistan üçün getdikcə çətinləşir. Bununla belə, indiki mərhələdə Rusiyanın Ermənistanla bağlı daha sərt addımlar atmaq imkanları müəyyən mənada məhduddur. Kreml hazırda Ukrayna müharibəsi ilə məşğuldur və əsas diqqətini bu istiqamətə yönəldib. Lakin hesab edirəm ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Vladimir Putin yenidən Cənubi Qafqaza və xüsusilə Ermənistana diqqətini artıracaq. Moskvanın Ermənistan üzərində əvvəlki təsir imkanlarını bərpa etməyə çalışması da istisna deyil. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvanın Qərbə meyilli siyasətində müəyyən fəallaşma müşahidə olunur. Ukrayna müharibəsi fonunda isə Ermənistanın manevr imkanları daha da genişlənib”.
“KTMT-də Ermənistanla bağlı müzakirələrin və qəbul edilən qərarların arxasında da məhz bu siyasi ziddiyyətlər dayanır. Əgər Ermənistan səsvermə hüququndan məhrum edilibsə, bu, onun təşkilat daxilindəki mövqeyinin ciddi şəkildə zəiflədiyini göstərir. Təsəvvür edin ki, Ermənistan ötən il KTMT-yə sədrlik edib, indi isə təşkilat daxilində səsvermə hüququ ilə bağlı məhdudiyyətlərlə üzləşir. Bu, kifayət qədər ciddi siyasi mesajdır. Məncə, Kreml bununla İrəvana açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistanın KTMT-dəki mövqeyi əvvəlki kimi deyil və Moskva istənilən vaxt onun təşkilatdakı statusuna yenidən baxa bilər. Başqa sözlə, Rusiya Paşinyan hakimiyyətinə Qərbə inteqrasiya siyasətinin Moskva ilə münasibətlərə hansı nəticələri gətirə biləcəyini göstərməyə çalışır” - deyə siyasi şərhçi qeyd edib.
Röya İsrafilova