
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.
Ümummilli Lider Heydər Əliyev
Konstitusiya Günü xalqımızın suveren iradəsini, hüquqi və demokratik dövlət quruculuğu yolunda qətiyyətini əks etdirən əlamətdar tarixdir. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyəti çətin sınaqlardan keçərək əldə edib.
Xalq Cümhuriyyəti dövründə əsas qanununu qəbul edilə bilməyən Azərbaycanın Konstitusiya quruluşu tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən ilk Konstitusiyamıza sonrakı illərdə bir neçə dəfə əlavə və dəyişikliklər olunsa da, yenə də ümummilli məsələlərlə bağlı kifayət qədər boşluqlar qaldı. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə onun iradəsi və təşəbbüsü sayəsində Azərbaycanın tarixi, milli ənənələrini özündə əks etdirən Konstitusiya sənədi hazırlandı, dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması ilə xarakterizə olunan sənəd kimi tarixə düşdü.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixi də Ulu Öndərin adı ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətdə olan təsadüfi və səriştəsiz qüvvələrin yarıtmaz idarəçiliyi nəticəsində ana qanun qəbul olunmadı.
Heydər Əliyevin ikinci hakimiyyəti dövründə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası müasir dövlət quruculuğu prosesini tənzimləyən, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənədə çevrildi.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alan Ulu Öndərin imzaladığı 1995-ci il 15 dekabr tarixli Fərmana əsasən, noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi elan edildi.
1998-ci ildə Konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması isə Konstitusiyanın aliliyinin təminatı, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi yönündə mühüm hüquqi sistemi formalaşdırdı. Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi qəbul etdiyi məhkəmə aktları ilə milli hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinə öz töhfəsini verməkdədir.
Azərbaycanda müasir inkişaf meyarları – ictimai münasibətlərin, hüquqi, siyasi, sosial və iqtisadi vəziyyətin sürətlə dəyişməsi, əldə olunan uğurların möhkəmləndirilməsi Konstitusiyanın təkmilləşdirilməsini labüd etdiyindən ötən illərdə Əsas Qanunda bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilib.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, onların məsuliyyətinin daha da artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən, idarəetmə sistemində vitse-prezidentlik institutu yaradılıb, bu, dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yeni idarəetmə modelinin təcəssümünə çevrilib.
Azərbaycan Konstitusiyası hər bir vətəndaş üçün azadlıq, ədalət və bərabərlik ideallarının təminatıdır. Konstitusiyamızın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib ki, bu da insan haqlarına olan xüsusi diqqətin təzahürüdür. Sənəddə dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi ilə Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Eləcə də, Prezidentin təşəbbüsü ilə Konstitusiyanın 30 illiyi yubiley medalı təsis olunub, medal dövlətçiliyimizin və hüquqi inkişaf yolunun simvollarından biridir.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın uzun və çətin tarixi yolunun məntiqi nəticəsi, suveren iradəsinin hüquqi ifadəsidir. Buna görə də hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü təkcə tarixi bir tarix deyil, həm də qanunun aliliyinə, azadlıq, ədalət və bərabərlik ideallarına sadiqliyin təntənəsidir.
Ramid Namazov
Milli Məclisin deputatı