10:55
126
“31 il əvvəl Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və müəllifliyi ilə hazırlanaraq referendumla qəbul edilmiş Konstitusiyamız müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental təməlini formalaşdırsa da, uzun illər ərzində xarici hərbi təcavüz və işğal amili bu ali normativ aktın suveren ərazimizdə tam hüquqi tətbiqinə — ana qanunumuzun faktiki yurisdiksiyasının reallaşmasına əngəl törədirdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov vurğulayıb ki, altı il öncə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hərbi-siyasi Qələbə beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə yanaşı, Konstitusiyanın suveren sərhədlərimiz daxilində ali hüquqi qüvvəsini təmin etdi: “2023-cü ilin sentyabrında cəmi bir neçə saat ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyinin tam və qəti bərpası ilə nəticələnərək müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində konstitusiya quruluşunu bərqərar etdi”.
“Bu gün artan geosiyasi çəki və institusional gücümüz Konstitusiyada təsbit olunan ali dəyərlərin yalnız ölkə daxilində deyil, həm də qlobal miqyasda — harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının hüquq və azadlıqlarının etibarlı siyasi-hüquqi təminatçısına çevrilməsinə real zəmin yaradır” – deyə deputat əlavə edib.
Röya İsrafilova