“Mətbuatla bağlı qənaət rejiminə keçilməməlidir” İqtisadiyyat

“Mətbuatla bağlı qənaət rejiminə keçilməməlidir”

Əflatun Amaşov: "Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb"

"Media ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır"

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.
Əflatun Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon matanın 5 milyona çatdırılmasını təklif edib.
Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.

"Bu biçarələr bəs nə ilə yaşamalıdır?"

Əflatun Amaşov jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyərək bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir: "Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda intenet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Məhz internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu biçarələr bəs nə ilə yaşamalıdır?".
Əflatun Amaşov həmçinin jurnalistlər açıqlamasında "Gündəlik Bakı" qəzetinin redaktoru Habil Vəliyevin xüsusi əməliyyatla saxlanılmasına da münasibət bildirib. O deyib ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən medianın saflaşması uğurunda mübarizə aparan bir qurumdur:
"Şura ilk yarandığı gündən etibarən çoxsaylı şikayətlər daxil olub. Mətbuat Şurası daxil olan şikayətləri araşdırıb. Müraciətlərin bir qismi insanların şərəf və ləyaqətini alçaltmaqla, insanlara böhtan atmaqla onlardan nələrisə qopartmaq, onları qorxu altında saxlamaq olub. Biz Azərbaycan Jurnalistlərinin Qurultayında belə qərara gəldik ki, bu cür nəşrlərə, saytlara qarşı mübarizə aparmaq üçün Mətbuat Şurasının Reketçiliyə Qarşı Mübarizə Komissiyası yaradılsın. O Komissiya yarandı, fəaliyyətini genişləndirdi. Bu sayaq hadisələr araşdırıldı və qiymət verildi.
Nəticədə Mətbuat Şurası həmin mətbu nəşrləri, saytları "qara siyahı"sına saldı. Bu minvalla Mətbuat Şurasının "qara siyahısı"nda 70-ə yaxın kütləvi informasiya vasitələrinin adı salınıb".
Əflatun Amaşov bildirib ki, istər "Gündəlik Bakı", istərsə də "Bizim dövr" qəzetlərinin redaktorlarına qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onlar öz layiqli cəzalarını alacaqlar: "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlarda onlar saxlanılıb. Araşdırmalar aparılacaq. Araşdırmalar nəticəsində deyilən iddialar öz təsdiqini tapacaqsa, bu məsələlərə hüquqi qiymət veriləcək. Onlar hüquqi cəzalarını alacaqlar. Ümumiyyətlə, Mətbuat Şurası yarandığı gündən bu hallara qarşı ciddi mübarizə aparır. Mübarizə bu gün də davam edir, sabah da davam etdiriləcək. Mətbuat Şurası hüquq-mühafizə orqanlarının bu işhidi apardıqları əməliyyatları dəstəkləyir. Çünki artıq bu məsələlər söz azadlığı müstəvisində deyil, cinayət müstəvisində araşdırılır.
Mətbuatı qorumaq vacib məsələdir. Onu reket ünsürlərindən qorumaq isə yalnız Mətbuat Şurasının öhdəsində olan məsələ deyil. Bu cəmiyyətin problemidir, cəmiyyətin sifarişidir. Bu məsələlərlə hüquq mühafizə orqanları məşğul olsalar, daha yüksək nəticələr əldə etmiş olarıq.
Hazırda hər iki qəzetin rəhbərlərinin saxlanılması ilə bağlı istintaq davam edir. Onların həqiqətən də təqsirləndirildikləri məsələlərdə günahları təsdiqlənəcəksə, öz cəzalarını alacaqlar".