Bakı qəsəbələrində müasir istixana kompleksləri yaradılır İqtisadiyyat

Bakı qəsəbələrində müasir istixana kompleksləri yaradılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib.
Forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1330-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 367 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda isə Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 35 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.