Gömrük orqanlarının sahibkarlara dəstəyi ilə bağlı diskussiya aparılıb İqtisadiyyat

Gömrük orqanlarının sahibkarlara dəstəyi ilə bağlı diskussiya aparılıb

Gömrük orqanlarının sahibkarlara dəstəyi ilə bağlı diskussiya aparılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib. Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov bildirib ki, son illərdə qeyri-neft sektorunun - turizm, kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən dəstək milli iqtisadiyyatımızda bu sektorun payını artırıb. Sahibkarlığın inkişaf etdirilməsi, daxili istehsalın stimullaşdırılması, mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin ölkəmizin ixrac potensialının artmasına təkan verdiyini bildirən Vüsal Novruzov iqtisadi təhlükəsizliyimizin təmin olunması, daxili bazarın qorunması, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə gömrük orqanlarının, o cümlədən Bakı Baş Gömrük İdarəsinin də öz töhfəsini verdiyini diqqətə çatdırıb.
İdarə rəisi ölkə başçısı tərəfindən gömrük sahəsində həyata keçirilən mütərəqqi islahatların gömrük orqanları tərəfindən uğurla reallaşdırıldığını vurğulayaraq, "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib. Biznes-gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən Vüsal Novruzov gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağın diqqətə çatdırıb. Sahibkarlar ölkə başçısı tərəfindən biznes subyektlərinə göstərilən dəstəyi, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımları və gömrük orqanlarının bu sahədəki məsuliyyətli və peşəkar yanaşmasını yüksək qiymətləndiriblər. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.