İƏT ölkələri əmək nazirlərinin dördüncü konfransı keçirilib İqtisadiyyat

İƏT ölkələri əmək nazirlərinin dördüncü konfransı keçirilib

Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, "İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması" mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən "İƏT-in Əmək Bazarı Strategiyası" müzakirə olunub.
Tədbirdə həmçinin İƏT ölkələri arasında işçi qüvvəsi mübadiləsinə dair ikitərəfli sazişlərin hazırlanmasına, bilik və bacarıqların qarşılıqlı tanınmasına, işçilərin sağlamlığı ilə bağlı İƏT-in strategiyasına və digər məsələlərə dair fikir mübadilələri aparılıb. Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əmək bazarının inkişafı baxımından hər bir ölkəyə təsir edən bir çox çağırışların həllinin qlobal gündəmdə ən vacib məsələlərdən olduğunu, qloballaşmanın, demoqrafik tendensiyaların, texnoloji dəyişikliklərin iqtisadiyyatdakı iş yerlərinə təsirlərinin əmək bazarı ilə bağlı qarşıda duran vəzifələrin miqyasını genişləndirdiyini vurğulayıb. Nazir qeyd edib ki, bütün bunlar nəzərə alınmaqla, məşğulluq səviyyəsinin və işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına yönələn təsirli islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçi qüvvəsinin tələb və təklifinin effektiv tənzimlənməsi və dəstəklənməsi əmək bazarlarında davamlılıq və inklüzivliyə nail olmaq baxımından çox vacibdir.
Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin önəmini diqqətə çatdırıb: "Azərbaycanın uğurları beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Dünya İqtisadi Forumunun daha bir son hesabatına görə, İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb". Mövcud çağırışların həlli istiqamətində adekvat və çevik qərarların qəbulu üçün düşünülmüş daxili siyasətlə yanaşı, daha sıx beynəlxalq əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdıran S.Müslümov bildirib ki, İƏT-ə üzv ölkələr üçün əmək və məşğulluq sahəsində ümumi maraq kəsb edən məsələlər kifayət qədərdir: "Bizim əsas hədəfimiz İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın konseptual, əməli və institusional davamlılığını təmin etməklə dəstəklənməsidir. Bu mənada ölkələrimizdə daha dayanıqlı və inklüziv əmək bazarı yaratmaq üçün zəngin fikir və təcrübə mübadiləsinə geniş imkanlar açan əmək nazirlərinin bu görüşü İƏT-in əmək bazarı və məşğulluq siyasəti üçün gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək".
Nazir vurğulayıb ki, Azərbaycanın Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərargahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması Təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna platforma olacaq. Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini qeyd edən S.Müslümov Azərbaycanın 2017-ci ildə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsində İƏT ölkələrinin mühüm dəstəkləyici roluna görə təşəkkürünü ifadə edərək ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib: "Bildiyiniz kimi, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Bundan əlavə, Azərbaycanın sərgi üçün təklif etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişaf və innovasiyaların əsasında insan kapitalı dayanır." S.Müslümov İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın "Expo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb. S.Müslümovun İƏT-in və ayrı-ayrı üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirməsi, qarşılıqlı maraq doğuran məsələlərə dair əməkdaşlıqla bağlı müzakirələrin aparılması da nəzərdə tutulub.