Gömrük Komitəsində islahatlar aparılır İqtisadiyyat

Gömrük Komitəsində islahatlar aparılır

Səfər Mehdiyev: "Bir-birinin fəaliyyətini təkrar edən gömrük orqanlarının şöbələri və idarələr birləşdirilib"
Bir-birinin fəaliyyətini təkrar edən gömrük orqanlarının şöbələri və idarələr birləşdirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib. O bildirib ki, komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 baş idarə, komitənin aparatında yeni baş idarələr və idarələr yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin Gömrük İdarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Müdafiəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb. Komitənin aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, yeni müasir standartlara cavab verən baş idarələr yaradılıb.
"O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə olunması və Audit Baş idarəsi, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb, yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıb. Digər müstəqil idarələrin də strukturu dəyişdirilib, beynəlxalq standartlara cavab verən təşkilati struktura malik idarələr qurulub. Aparılan islahatlar dövründə öz təşəbbüsü ilə, pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə, xidmətdə olmanın son yaş həddinə çatdığına görə və digər səbəblərdən 250 nəfərdən çox gömrük əməkdaşı gömrük orqanlarında xidmətinə xitam verilib, test üsulu ilə imtahanda iştirak edən və daha yüksək bal toplayan 222 nəfər müvafiq vakant yerlərə işə qəbul olunub. Kadrların yerləşdirilməsi prosesi bu gün də davam edir", - deyə komitə sədri əlavə edib.