13:42
357
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq olunacaq.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər sentyabrın 29-u saat 21:00-dan etibarən paytaxtın bəzi küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar tətbiq olunacaq.
Məlumata görə, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.
Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyətlərin görülən işlər başa çatanadək qüvvədə qalacağı bildirilib.
AAYDA sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.