Bakı-Şamaxı yolunun 101-117-ci km-lik hissəsi genişləndirilir İqtisadiyyat

Bakı-Şamaxı yolunun 101-117-ci km-lik hissəsi genişləndirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihə Prezidentin fərmanı ilə təsdiqlənən "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.
Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib. Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bura xüsusi qrunt gətirilərək yol yatağının əlavə bərkidilməsi işləri görülür, dəmir-beton svaylar vurulur, monolit-beton istinad divarları və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanallar inşa edilir.