Türkiyəyə TANAP-la 1,25 milyard kubmetr qaz satılıb İqtisadiyyat

Türkiyəyə TANAP-la 1,25 milyard kubmetr qaz satılıb

TANAP layihəsi üzrə investisiyanın təxminən 41 faizinə qənaət olunub

TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1 milyard 250 milyon kubmetr Azərbaycan təbii qazı nəql edilib. Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. "Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Əlavə kompressorlarla ötürücülük qabiliyyəti əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırıla bilər", - deyə S.Düzyol əlavə edib.
Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ), 30 faizi "Botaş"a, 12 faizi isə BP şirkətinə məxsusdur.
TANAP boru kəməri layihəsi üzrə investisiyanın təxminən 41 faizinə qənaət edilib. "TANAP-ın ticari idarəçilik fəaliyyəti hazırda 190 mütəxəssis tərəfindən aparılır. Layihənin əvvəlində 11,77 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin təxminən 41 faizinə qənaət edilib və layihənin dəyəri 7 milyard dollar səviyyəsinə düşüb", - deyə TANAP-ın baş direktoru bildirib.