“Sovetski“ sakinlərinin 4000 manat tələbi... İqtisadiyyat

“Sovetski“ sakinlərinin 4000 manat tələbi...

Qadir İbrahimli: Həmin ərazidə bazar qiyməti ilə müqayisə etsək sakinlər haqlıdırlar"
Vüqar Tofiqli: "Bu prosesdə xarici təcrübədən yararlanmaq lazımdır"
Ülvi Quliyev: "Sakinlərin dedikləri ilə razı deyiləm"

Bakının "Sovetski" deyilən məhəlləsinin bir qrup sakini fevralın 16-da etiraz aksiyası keçirib. Onlar evlərinin sökülməsi müqabilində verilən kompensasiyanın məbləğindən narazı olduqlarını bildiriblər. Sakinlər 1 kv.m üçün 4000 manat tələb edirlər. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov hadisə yerində olub. Səməd İslamov bildirib ki, sakinlərin razılığı olmadan onların heç birinin evi sökülməyəcək. Sakinlər öz aralarında icra strukturları ilə müzakirələri davam etdirmək üçün Təşkilat Komitəsi yaradıblar.
Belə ki, hər kavadrat üçün 1500 manat təklif edən Yasamal rayon İcra Hakimiyyəti bundan artığının dövlət tərəfindən ayrılmadığını vurğulayıb. Amma camaat bildirir ki, bu vəsait çox azdır və onlara veriləcək məbləğlə hazırda Bakıda ev almaq mümkün deyil.
Bəzi məlumatlara görə isə, kompensasiyaların artırılması üçün danışıqlara başlanılacaq. Bu zaman rəqəmin neçəyə qaldırılacağı isə məlum deyil.
Lakin "Sovetski" əhalisi aksiyaları dayandırmaq fikrində deyillər. Onlar tələbləri yerinə yetirilməyənə qədər davamlı olaraq etirazlar təşkil edəcəklərini bildiriblər.
Onların sözlərinə görə, təklif edilən kompensasiya şəhərin mərkəzində mənzil almağa yetərli deyil. "Sovetski" massivində yaşayış binalarında mənzilin kvadratı 3000-4000 manat arasında dəyişir. Sakinlər Mənzil bazarının düzgün hesablanmasını tələb edirlər.
Mirzağa Əliyev küçəsinin sakini Novruz Həsənov bildirib ki, ona hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif olunub. Ancaq cəmi 30 kvadratlıq mənzili olan vətəndaş harada ev alacağını bilmir: "Mənim 63 yaşım var. Bu yaşa qədər şəhərin mərkəzində yaşayan adam necə gedib kənarda yaşasın? Gəl gedək görək 45 min manata hansı mərkəzi küçədə ev ala bilərsən?".
Çingiz Mustafayev küçəsi 14-də yaşayan Tahirə Rzayeva da narazıdır. Onun mənzili 50 kvadratmetr, çörək pulu qazandığı çayxanası isə 30 kvadratmetrdir.
Tahirə Rzayevaya mənzilinin kvadratına 1500, çayxanasına görə isə 850 manat kompensasiya təklif olunub. Amma mülk sahibi hökumətin təklifini qəbul etmir: "Mənzildə köməkçi sahələri saymırlar. Bu dəqiqə "Sovetski"dəki təzə yaşayış binalarında mənzilin kvadratı 4 min manatdan aşağı tapılmır. Bəs, mənə niyə 1500 manatdan verirsən? Mənim 60 yaşım var. Bu yaşdan sonra çayxanamı söksələr, harada iş quracam?".
Narazı vətəndaş söküntüyə mart ayında başlanacağını eşidib: "Heç olmasa, apreldə başlasınlar. Açığı mən heç köçmək istəmirəm. Şəhərin mərkəzində böyümüşəm, kənarda yaşaya bilmərəm". Tahirə Rzayevanın tələbi kompensasiyanın verilməsində mənzil bazarındakı vəziyyətin nəzərə alınmasıdır. O, həmin ərazidə tikilən göydələnlərdə evin kvadratı neçəyə satılırsa, o məbləğdə də kompensasiya verilməsini istəyir.
"Sovetski"də yaşayan Faiq Kərimov adlı şəxs təklif edir ki, birja qəzetlərini açıb baxsınlar: "Real vəziyyətlə bizə verilən pul üst-üstə düşmür. Şəhərdə mənzilin kvadratı 3500-4200 manat arasıdır. Niyə gedib Masazırda, Dərnəgüldə, Xırdalanda yaşamalıyam? Mənə elə pul versin ki, heç olmasa Yasamalın başqa yerində ev ala bilim. Həm də ki, burda tarixi tikililər var. Abidələr sökülməli deyil. İcra hakimiyyətində komissiya yaradıblar. Kimin nə şikayəti vara ora gedir. Həmin komissiyanın adı var, özü yoxdu. Qapısı bağlıdır, heç kim adam cavab vermir".
Həmin ərazidən olan deputat Ülvi Quliyev isə sakinlərin dedikləri ilə razı olmadığını bildirib. Deputat "Sovetski" sakinlərinin problemləri ilə maraqlandığını, hər gün edilən zənglər əsasında şikayətləri nəzərə aldığını söyləyib: "Sakinlərlə qrup-qrup görüşlərimiz olur. Dünənki aksiyada iştirak edən şəxslər bütün "Sovetski" sakinlərini əhatə etmirdi. Bu məsələ gündəmə gələndən bəri sakinlərlə görüşürük, onların fikirlərini öyrənirik. Deputatın səlahiyyəti sakinlərin problemləri ilə maraqlanmaq, onların şikayətlərini öyrənmək və lazım olan dövlət strukturları qarşısında bu məsələləri qaldırmaqdır. Biz də bu istiqamətdə işlər görürük. İcra hakimiyyəti ilə də görüşlərimiz olur. Mən bir deputat kimi yox, ictimaiyyətə açıq bir şəxs kimi vətəndaşların problemləri ilə maraqlanmışam".
Ülvi Quliyev narazı sakinlərlə sonuncu dəfə bir-iki gün əvvəl görüşdüyünü bildirib: "Bir-iki gün əvvəl 70-80 nəfər narazı sakin arasından seçilən nümayəndələrlə həmin ərazidə görüşmüşəm. Onlar 4-5 nəfər nümayəndə seçdi və problemlərini dilə gətirdilər".
Depuatat narazı sakinlərin yenidən aksiya keçirmək istəməsinə də münasibət bildirib: "Bu məsələlər bu şəkildə həll edilmir. Problemlərin həlli yolu narazılıqların icra strukturlarına çatdırılmasıdır. Bu narazılıqları yaradılan komissiyalara çatdırmaq lazımdır. Həmin komissiyalar da yuxarı orqanlar qarşısında bu problemləri qaldırsınlar. Bildirsinlər ki, kimlərin narazılığı nədən ibarətdir və ümumilikdə bir qərar qəbul olunsun. Biz qərar qəbul edən dövlət orqanı deyilik. Biz sadəcə olaraq narazı sakinlərin problemlərini qaldıra bilərik. Yenə də qeyd edirəm ki, aksiya, mitinq məsələnin həlli yolu deyil".
Ülvi Quliyev dünənki aksiyadan sonra narazı sakinlər arasında seçilən qrupla görüşəcəyini qeyd edib: "Dünən icra nümayəndəliyi ilə danışdım. Narazı sakinlərin bir qrupu ilə görüş keçiriləcək. Görüşdə mən də böyük məmnuniyyətlə iştirak edəcəm".
Onu da əlavə edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb. BŞİH Aparatının rəis müavini Zülfəli İsmayılovun dediyinə görə, Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır, ərazilər ölçülür.
Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur. Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb.
Dünən səhər isə ona yaxın "Sovetski" sakinini 27-ci polis bölməsinə dəvət ediblər. Polis idarəsinə dəvət alan həmin şəxslərlə görüşə gələn Yasamal rayon İcra Başçısı "Sovetski" deyilən ərazinin ağsaqqallarından sayılan həmin şəxslərə söz verib ki, ya vəzifəmdən gedəcəyəm, ya da 50 kvadratmetrə qədər evi olan sakinlərə elə kompensasiya məbləği ayrılmasına nail olacağam ki, onlar rahat ev ala bilsinlər. İcra Başçısının bildirdiyinə görə, aksiyadan sonra sözügedən istiqamətdə artıq layihə hazırlanmasına start verilib.
Görüşdə iştirak edənlərdən birinin verdiyi məlumat görə, İcra Başçısı "Sovetski" adlanan və köhnə tikililərin söküləcəyi planlaşdırılan ərazinin təmsilçilərini bir daha əmin edib ki, verdiyi sözə mütləq əməl olunacaq.
Bəs "Sovetski"yə verilən kompensasiyanın real həcmi nə qədər olmalıdır? Bu sualla ekspertlərə müraciət etdik.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu, vətəndaşın mülkiyyət hüquqlarının pozulmasıdır: "Burada söhbət mülkiyyət hüququndan gedir. Amma qanun qalıb kənarda, kobud qanun pozuntusu həyata keçirilir. Əhaliyə təklif olunan qiymətlər də bazara uyğun deyil, ərazilər də adekvat deyil. Deyək ki, "Sovetski" şəhərin mərkəzidir, Hövsan şəhərkənarı. Sovet vaxtı da köhnə məhəllələr sökülürdü, yeni binalar tikilirdi. Bəzən əhalinin çoxu getmək istəmirdi. O vaxt "Sovetski"də, lap elə İçərişəhərin özündə də yararsız evlərdən əhalinin köçürülməsinə başlanmışdı. Amma elə adam olurdu ki, köçmək istəmirdi. Köçmək istəməyən köçmürdü, ya da mərkəzə yaxın yerlərə razılaşırdılar. Yəni köçürülmə prosesində ilk növbədə sakinlərin maraqları nəzərə alınırdı. İndi isə özbaşınalıqdır. Vətəndaşa təklif olunan, onun malik olduğuna adekvat deyil. Hökumət vətəndaşların mülkiyyət hüququnu pozur, onlardan mənzili həddindən artıq ucuz qiymətə alır".
Sahib Məmmədovun sözlərinə görə, vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır.
Ekspert Qadir İbrahimli isə bildirdi ki, dövlət vətəndaşlara veriləcək kompensasiyanı 1500 manatdan hesablayıb: "Ancaq hamama və ayaqyoluna az pul verilir. Hamam, ayaqyolu da vətəndaşın mülkiyyətidir. Həmin ərazidə bazar qiyməti ilə müqayisə etsək sakinlər haqlıdırlar".
Ekspert Vüqar Tofiqli vurğuladı ki, bu çətin məsələdir. Onun sözlərinə görə, bu prosesdə xarici təcrübədən yararlanamq lazımdır: "Həmçinin burada qiymət artırılsa mütləq şəkildə evlərin qiymət qalxacaq, necə ki qalxır. Bunun üçün ilk novbədə proses dovlət tərəfindən tənzimlənməlidir. Yoxsa belə narazılıqlar bundan sonra arta bilər. Proses mərhələ ilə öz həllini tapmalıdır".

Əli