AÇG-də ötən il əsaslı məsrəflər artıb İqtisadiyyat

AÇG-də ötən il əsaslı məsrəflər artıb

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 29 mln. ton neft hasil edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azdır.
Trend layihənin operatoru BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən bildirir ki, ilin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
Hesabata əsasən, ötən il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 567 mln. ABŞ dollar əməliyyat məsrəfləri (12,3% artım) və 1 mlrd. 150 mln. dollar əsaslı məsrəflər (28,3% artım) xərclənmişdir. İl ərzində AÇG-də 10 neft hasilat quyusu və bir su injektor quyusu qazılıb.
Ötən il AÇG blokunda iki platformanın fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə dayandırılıb.
Qeyd edək ki, AÇG-də pay bölgüsünün nisbəti belədir: BP - 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.