Arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb İqtisadiyyat

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası başlayıb. "APA-Economics"in məlumatına görə, yarmarkada Naxçıvan Muxtar Respublikasının və respublikanın 40 rayonundan 438 arıçı iştirak edir və 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da yarmarkada satışına şərait yaradılıb.
Qeyd edək ki, ənənəvi olaraq keçirilən yarmarkalarda bu il şəffaflığın təmin edilməsi və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədilə bir çox yeniliklər tətbiq edilib. Belə ki, yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə, arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müqayisə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb. Yarmarkaya çıxarılacaq məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və Respublika Baytarlıq Laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticələrinə görə, normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kq keyfiyyətsiz balın satışına icazə verilməyib. Bundan başqa, yarmarkanın keçirildiyi ərazidə video müşahidə təmin edilib ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir. Yarmarka sentyabrın 30-dək davam edəcək.