“Azərbaycan Albaniyanın strateji tərəfdaşıdır” İqtisadiyyat

“Azərbaycan Albaniyanın strateji tərəfdaşıdır”

Albaniya parlamentinin sədri: "TAP layihəsi Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil"
Albaniya parlamentinin sədri İlir Metan Azərbaycana rəsmi səfərə gəlib. İlir Metan jurnalistlərə müsahibəsində deyib: "Bu mənim Albaniya parlamentinin sədri kimi Azərbaycana ilk rəsmi səfərimdir. Səfər Albaniyanın Azərbaycanla əlaqələrinin itensivləşməsinə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Çünki Azərbaycan Albaniyanın gələcək inkişafı baxımından mühüm rol oynayan strateji tərəfdaşdır".
"Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İlir Metan bildirib ki, bu kəmər Albaniyanın ərazisindən keçərək Avropaya doğru çəkiləcək: "TAP layihəsi Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyurlar. Bu da bizim iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğuna dəlalət edir".
Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında anlaşma memorandumunun imzalanması mərasimində iştirak edəcəyini bildirən Albaniya parlamentinin sədri vurğulayıb ki, iki ölkənin əməkdaşlığı baxımından təhsil çox perspektivli sahədir.