İşgüzar turizm İqtisadiyyat

İşgüzar turizm

Elm və ali təhsil müəssisələri ilə əməkdaşlıq gücləndirilir

Tərlan

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu Azərbaycanın ali təhsil müəssisələri ilə birgə ölkənin turizm sahəsinin inkişafına həsr olunmuş iclas keçirib. Dekabr ayının 8-də Azərbaycan Turizm İnstitutunda təşkil olunan iclasda ölkəmizdə fəaliyyət göstərən akademiya, universitet və institutların professor-müəllim heyəti iştirak edib.
Mədəniyyət və Turizm Nazirinin müavini cənab Nazim Səmədov və Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərovun da iştirak etdiyi iclasın əsas məqsədi ali təhsil ocaqları ilə sıx əməkdaşlıq qurmaq və peşəkar Azərbaycan Görüşlər İttifaqının yaradılması ilə bağlı müzakirələr aparmaq olub. Tədbirdə qeyd olunub ki, beynəlxalq konqreslərin təşkili sektoru turizmin ən gəlirli və dinamik inkişaf edən sahələrindən biridir. Hər il dünyada təxminən 16.000-ə yaxın konqres təşkil olunur və dünyanın yüzlərlə şəhəri işgüzar turizmin bu gəlirli sahəsində öncəlik əldə etmək üçün 20 ildən çox bir müddətdir ki, güclü rəqabət aparır.
Tədbirdə həmçinin qeyd edilib ki, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili ölkə iqtisadiyyatına güclü təkan ola bilər və bu amaldan çıxış edərək bütün səyləri birləşdirməklə Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmaq lazımdır.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə də məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək, ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək və konfrans təşkili sahəsini inkişaf etdirməklə ölkə iqtisadiyyatının mühüm elementi kimi təşviq etmək daxildir. Azərbaycanı inkişaf edən biznes turizm məkanı kimi təbliğ etmək məqsədilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyir. Tədbir iştirakçıları, ölkəmizin təhsil sisteminin nümayəndələri ilə Azərbaycan Konqreslər Bürosu mütəxəssislərinin qarşılıqlı əməkdaşlığının bu hədəflərə çatmaq yolunda effektiv rol oynayacağını vurğulayıblar.