“Avropa Oyunlarına sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını başlayıb” İqtisadiyyat

“Avropa Oyunlarına sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını başlayıb”

Rövşən Rzayev: "Ümidvaram ki, "Bakı 2015" I Avropa Oyunlarının qonaqları da Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymətlərini verəcəklər"

Musa Quliyev: "Onların böyük əksəriyyəti ermənipərəst dairələr, lobbiçilər tərəfindən fəallaşdırılan, maliyyə dəstəyi göstərilənlərdir"

Akif Nağı: " "Bakı 2015" I Avropa Oyunlarının keçirilməsini istəyənlər, istəməyənlər və əleyhimizə kampaniyalar aparanlar var"

Saylı günlərdən sonra Azərbaycan qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015" yarışmasına ev sahibliyi edəcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Artıq ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Hər gün gözümüz qarşısında baş verən yeniliklər deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Sözsüz ki, bu cür mötəbər tədbirin odlar yurdunun paytaxtı olan Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Xatırladaq ki, 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Bu tarixi qərar özlüyündə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ən azı iyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. İllər dolanıb əsrlər keçdikdən sonra da Azərbaycanın adı
Avropanın idman tarixində qızıl hərflərlə həkk olunacaq.
Birinci Avropa Oyunlarının vaxtını Azərbaycanı sevən qüvvələr nə qədər səbirsizliklə gözləyirlərsə, ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələr də bir o qədər həyəcan və narahatçılıqla qarşılayırlar. Hər vasitə ilə ölkəmizin imicinə zərbə vurmağa, bu oyunların statusu və ona olan marağı azaltmağa çalışsalar da, onların bu istəyi baş tutmur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev dedi ki, erməni lobbisi hər yerdə var və onun istəyi, dəstəyi ilə bu gün Azərbaycana qarşı qara piar kampaniyası aparılır: " Amma erməni dostları bu kampaniyada aktiv iştirak etsələr də, Azərbaycanın imicinə xələl gətirə bilməyəcəklər. Azərbaycan hüquqi, demokratik, güclü dövlətdir. Bu yolda da inkişafını davam etdirəcək. Qeyd edim ki, xarici qüvvələrlə yanaşı, təəssüf ki, ölkə daxilində də bəzi qüvvələr Azərbaycanın ev sahibliyi etdiyi bu böyük tədbirə kölgə salmaq istəyirlər. Bu, şəxsi maraqları düşünən, öz dövlətinin uğurlarına sevinməyən, xaricdəki Azərbaycan əleyhdarlarından dəstək alan, onların diktəsi ilə hərəkət edən insanlardır. Hesab edirəm ki, onların bütün cəhdləri əbəsdir. Çünki ölkəmizdə hakimiyyətlə xalq arasında, dövlət və milli mənafelərdə ümumi birlik mövcuddur. Buna xələl gətirmək istəyənlər də indiyədək olduğu kimi, bundan sonra da layiqli cavablarını alacaqlar".
Onun sözlərinə görə, Azərbaycanın ildən-ilə artan nüfuzu, beynəlxalq siyasi proseslərdə aktiv iştirakı, iqtisadi gücü, regionda lider ölkəyə çevrilməsi artıq öz müsbət nəticələrini verməkdədir: "İlk Avropa Oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsi də ölkəmizin təkcə idman sahəsində deyil, siyasi-iqtisadi müstəvidə, diplomatik arenada nüfuzunun Avropa və dünya tərəfindən qəbul edildiyinin göstəricisidir. Bu isə hər bir Azərbaycan vətəndaşını sevindirdiyi, qürurlandırdığı kimi məni də sevindirir. Beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində Azərbaycanın artıq kifayət qədər böyük təcrübəsi var. Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək xarici qonaqların qəbul edilməsi üçün Azərbaycanın infrastrukturu, idman arenaları artıq tam şəkildə hazırdır. Turistləri qəbul etmək üçün hazırlıq işləri təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da həyata keçirilir. Bakıya və ölkəmizin əyalətlərinə səfər edən əcnəbi qonaqlar buradakı inkişafdan, göstərilən xidmətdən, təbiətimizin gözəlliyindən rəğbətlə hər zaman danışırlar. Artıq Oyunlara sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını başlayıb. Ümidvaram ki, "Bakı 2015" I Avropa Oyunlarının qonaqları da Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymətlərini verəcəklər. Avropa Oyunlarının gətirəcəyi ən böyük divident də Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq.
Bu uğurlar Azərbaycan rəhbərliyinin, möhtərəm prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin nəticəsidir. İllərdir, dövlət başçısının bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün atılan addımlar ölkəmizin Avropada mədəni, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaratmışdır. Bu baxımdan I Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın tarixində yeni bir səhifə açacaq.
Hər bir Azərbaycan vətəndaşı bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. Millət vəkili olduğum Göygöl və Daşkəsən rayonlarda da əhali, xüsusilə gənclər arasında bu yarışlara böyük maraq var. Hər kəs Azərbaycanın tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi edəcəyinə inanır".
Onun fikrincə, bu gün bütün aparıcı dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olmasından məlumatlıdır: "Qəbul edilən qərarlarda dövlətimizin mövqeyinin dəstəkləndiyi barədə dəfələrlə fikirlər səsləndirilsə də, təcavüzkar ölkə heç bir qərarla razılaşmır, torpaqlarımızı işğal altında saxlamağa davam edir. Bu bir daha Ermənistanın nə qədər qəsbkar dövlət olduğunu göstərir. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi münaqişənin dinc yolla həlli üçün konstruktiv siyasətini davam etdirir, dünyada sülhsevər dövlət kimi tanınır. Hesab edirəm ki, Avropa Oyunları ərəfəsində ölkəmizə təşrif buyuran dövlət və hökumət rəsmiləri, siyasətçilər, eləcə də çoxsaylı sıravi insanlar, əcnəbi qonaqlar torpaqlarımızın işğal altında olmasına baxmayaraq ölkəmizin nə qədər inkişaf etdiyinin şahidi olacaqlar. Bu həm də onun göstəricisi olacaq ki, gələcəkdə biz Dağlıq Qarabağ münaqişəsini həll edəndən sonra daha böyük, daha genişmiqyaslı layihələrə imza ata biləcəyik".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib ki, "Bakı 2015" I Avropa Oyunlarının keçirilməsinə mane olmaq istəyən və bununla bağlı ölkəmizə şər, böhtan atan qüvvələr var: "Həmin qüvvələrin də böyük əksəriyyəti ermənipərəst dairələr, lobbiçilər tərəfindən fəallaşdırılan, maliyyə dəstəyi göstərilən qüvvələrdir. Onlar istəmirlər ki, güclü Azərbaycan dövləti olsun".
Onun sözlərinə görə, həmin təşkilatlar Azərbaycan daxilində milli ruha, qana malik olmayan anti-milli insanları axtarıb tapır və onları şirnikləndirərək belə addımlar atmağa məcbur edirlər: " "Milli Şura"nın da mayın 17-nə planlaşdırdığı mitinq bununla bağlı ola bilər. Bu gün bütün Azərbaycan xalqı səbirsizliklə "Bakı 2015" I Avropa Oyunlarının başlanmasını gözləyir. Ölkəmizin hər bir guşəsində Avropa məşəlləri dolanır. İnsanlar böyük coşqu ilə bu məşəli qarşılayır, sevinclərini bildirirlər. Belə olan halda bir ovuc tör-töküntünün yığışıb mitinq elan etməsi və yaxud nəyəsə etiraz bildirməsi təbii ki, həmin o ermənipərəst qüvvələrin, Azərbaycanın işıqlı günlərini görməyə gözləri kor olan qüvvələrin istəyini yerinə yetirməkdən başqa bir şey deyil. Artıq onların meydana çıxaracağı nə adamları, nə də söyləcək sözləri var. Bu gün insanlar yaşayış üçün müxtəlif yollar seçirlər. Bəziləri şərəfli əməyi, bəzisi isə şərəfsiz yolları üstün tuturlar. Qoy, onlar bunu davam etdirsinlər. Azərbaycan demokratik, hüquqi bir ölkədir".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə "təbii ki, "Bakı 2015" I Avropa Oyunlarının keçirilməsini istəyənlər, istəməyənlər və əleyhimizə kampaniyalar aparanlar var",- deyə bildirib. QAT sədrinin sözlərinə görə, Azərbaycan üçün I Avropa Oyunları böyük tarixi hadisədir: "Bu oyunlar ölkəmizin təbliği, dünya dövlətləri arasında öz yerini, mövqeyini möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Biz sadəcə öz mövqeyimizi bildirmişik ki, heç bir halda Ermənistandan nümayəndə heyəti Avropa oyunlarında iştirak etməməlidir. Çünki onların burada iştirakına heç bir halda ehtiyac yoxdur və bu, yolverilməzdir. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının arxasında bəzi böyük dövlətlərin, beynəlxalq təşkilatların maraqları var. Onlar Azərbaycana qarşı bir növ təzyiq göstərirlər. Biz vaxtında, zamanında ölkəmizin əleyhinə qarşı aparılan kampaniyalara cavab verməliyik. Hesab edirəm ki, ilk növbədə, təbliğat işləri daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, bütün nöqsanlar minimuma endirilsin".

Əli