“Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir” Müsahibə

“Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir”

Hasan Köni: "Azərbaycan torpaqlarının azad edilməsi Rusiyanın şimala doğru geri çəkilməsi deməkdir"

İstanbuldakı Kültür Universiteti beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Hasan Köninin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Öz torpaqlarını erməni işğalından azad etmək üçün Azərbaycan təsirli addımlar atmağa başlayıb. Mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycan tamamilə haqlıdır, heç bir müstəqil dövlət öz torpağının işğal altında qalmasına razı olmaz. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi və məsələnin sülh yoluyla həll edilməsi üçün 24 mart 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupunun heç bir nəticə əldə etməməsi Azərbaycanı alternativ addımlar atmağa məcbur edir. Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir, ancaq burada əsas sıxıntı Ermənistanı təkcə Rusiyanın dəstəkləməsində deyil, Minsk Qrupuna daxil olan ABŞ və Fransada da Ermənistanın güclü lobbi dəstəyi olduğuna görə Ermənistan özünü arxayın aparır. Rusiyanın Ermənistanla bağlı çox mühüm strateji mənafeyi olduğuna görə, adını çəkdiyim ölkələr də məsələyə birbaşa müdaxilə etməyib, işi Rusiyanın öhdəsinə buraxırlar. Fransanın hansı məntiqlə Minsk Qrupunda olduğunu anlamaq mümkün deyil. Qardaş ölkə olan Türkiyə Azərbaycana dəstəyini dövlət rəhbərlərinin açıqlamaları ilə nümayiş etdirə bilir, lakin Türkiyənin özünün başı PKK terror təşkilatıyla mübarizəyə qarışıb. Digər tərəfdən, Suriya məsələsində Türkiyə öz sərhədlərinin yaxınlığında belə, təsirli əməliyyatlar keçirə bilmir. Bu da Türkiyənin Azərbaycanı daha təsirli şəkildə dəstəkləməsinə imkan verməyən başqa bir faktordur. Yəni Türkiyə bir növ, Azərbaycan üzərindən də sıxışdırılır.

- Bu durumda Türkiyə Azərbaycana haraya qədər dəstək verə bilər və ya verə bilməz?

- Türkiyə Azərbaycana hərbi təhsil və təlim sahəsində dəstək verir, məsləhətləşmələr aparılır. İndiki mərhələdə dəstəyin bundan daha dinamik xarakter alacağını zənn etmirəm. Qarabağda atəşkəs ortamı davam edərkən də Minsk Qrupu kanalıyla Türkiyənin təsir imkanları çox az idi. Türkiyənin Rusiya ilə münasibətlərinin pisləşməsi də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsinə mənfi təsir göstərir. Bəlkə münasibətlər yaxşı olsaydı, Türkiyə mövcud vəziyyəti dəyişdirmək üçün Rusiyaya nələrisə təlqin edə bilərdi. İndi isə proseslər əksinə cərəyan edir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan vasitəsilə Rusiya Türkiyəni daha da sıxışdırmağa çalışır. Rusiyanın Ermənistandan vaz keçməsi mümkün deyil, çünki bu durumda Rusiyanın Cənubi Qafqazdan yuxarıya tərəf çəkilməsi lazım gələcək. Ona görə də Ermənistan-Azərbaycan məsələsində Rusiya mövcud vəziyyətin dəyişməsini istəmir. Çünki "erməni kartı" istər çar Rusiyasının, istər sovetlərin, istərsə də Rusiya Federasiyasının Qafqazda istifadə etdiyi ən mühüm vasitə olub və olmağa davam edir. İndi də o kartdan Türkiyəyə qarşı çoxölçülü şəkildə istifadə edirlər.

- "Çoxölçülü" ibarəsini izah etməyiniz mümkündürmü?

- Birinci dünya müharibəsində ermənilərə dövlət vəd edib, onları Osmanlı imperiyasına qarşı üsyana qaldıran əsas ölkə Rusiyadır. Sovetlər 1941-ci ildə daşnakları ölkədən çıxardılar ki, sosializmlə erməni milliyyətçiliyi bir yerdə ola bilməz. Faşistlərin Nürnberqdəki məhkəməsində rus hakimlər də iştirak edirdi, onlar "soyqırım" məsələsini orada öyrənib, 1965-ci ildən başlayaraq erməniləri "soyqırım" kartından da Türkiyəyə qarşı istifadəyə təşviq etdilər. 1988-ci ildə daşnakların Ermənistana qayıtmalarına və Dağlıq Qarabağa yerləşmələrinə şərait yaratdılar. İndi ən mühüm məsələlərdən biri də daşnakların Qarabağdan çıxarılmasıdır. Bunların hamısı Azərbaycana və Türkiyəyə qarşı həyata keçirilmək üçün atılan addımlar idi. Başqa bir faktor isə PKK terror təşkilatıdır. Həm ABŞ, həm də Rusiya Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD ilə əməkdaşlıq edir. Rus televiziya kanalının kürdlər üzərindən Türkiyəni sıxışdırmaq üçün hazırladığı material bu yaxınlarda Londonda nümayiş etdirildi. Bütün bunlar Qarabağdakı işğal durumunu qorumaq və Türkiyənin əl-qolunu bağlamaq üçün Rusiyanın atdığı "çoxşaxəli" addımların bəziləridir. Son aylarda Kipr məsələsiylə bağlı cərəyan edən proseslər də Türkiyəni önəmli dərəcədə məşğul edən başqa bir faktordur. Bu durumda Orta Asiyadakı türk cümhuriyyətlərinin Azərbaycana və Türkiyəyə daha aktiv dəstək verməsini gözləmək məntiqli olardı. Ancaq o tərəflərdən də hər hansı səsin yüksəldiyini görmürük.

- Sizcə, Azərbaycanın işğal altındakı torpaqları və Qarabağ məsələsi ilə bağlı yaxın gələcəkdə hansı dəyişikliklər ola bilər? Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə nə dərəcədə yaxındır?

- Azərbaycanın öz torpaqlarını tamamilə haqlı olaraq işğaldan azad etməsi Rusiyanın Ermənistanı və Qafqazı itirərək yuxarıya doğru çəkilməsi deməkdir. İndiki vəziyyətdə Rusiyanın buna razılıq verəcəyini gözləməməliyik. Rusiya Ermənistanı itirsə, Cənubi Qafqazın 3 ölkəsi Avropa ilə yaxınlaşma mərhələsinə girəcək. Rusiyadan uzaqlaşmış bir Ermənistanı Avropanın həvəslə öz sıralarına qəbul etməsindən başqa hansı alternativ var? Rusiya 200 ildən bəri nüfuzu və təsiri altında saxladığı Cənubi Qafqazı bu şəkildə itirməyə asanlıqla razı olarmı? Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə Rusiyanın daxilindəki proseslərin bundan sonrakı durumu da təsir göstərəcək.