“2018-ci ildə Qarabağda müharibə yenilənsə, təəccüblənmərəm” Müsahibə

“2018-ci ildə Qarabağda müharibə yenilənsə, təəccüblənmərəm”

Patterson diplomatiya və beynəlxalq ticarət məktəbinin professoru, müdafiə və milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Robert Farli ilə müsahibəni oxucularımıza təqdim edirik

- İlk növbədə sizin ABŞ və Rusiyanın niyə yenidən "Soyuq müharibə" vəziyyətinə qayıtması barədə fikrinizi öyrənmək istərdim.
- Məncə, hazırki dinamik konfrontasiya "Soyuq müharibə"dən fərqlənir. Hazırda Rusiya hərbi və iqtisadi planda Sovet İttifaqından dəfələrlə zəifdir və buna görə də, rəqabət köhnə vaxtlarda olduğu miqyasa sahib deyil.
Həmçinin iki dövlət arasında münasibətlərdəki ədavət hələ 1991-ci ildən özünü göstərir, hərçənd biz hələ də kəşfiyyat sahəsində əməkdaşlığı müşahidə edə bilərik. Xüsusən Sankt-Peterburqda Mərkəzi Kəşfiyyat İdarəsinin köməkliyi ilə terror aktının qarşısının alınması iki ölkənin əməkdaşlığına müsbət nümunədir.
- ABŞ/NATO və Rusiya arasında "Soyuq müharibə"nin "isti"yə çevrilməsi mümkündürmü?
- Təsadüfi müharibəni təsəvvür etmək mümkündür. Bu, məsələn, Baltika ölkələrinin sərhəddində baş verə bilər. Münaqişə hər iki tərəfin hesablamalarda yanlışlığa yol verməsi nəticəsində yarana bilər. Hətta əgər belə münaqişə qarşılıqlı nüvə zərbələrinə səbəb olmasa da, onun nəticələri həmin ərazidə yaşayan insanlar və dünya iqtisadiyyatı üçün fəlakətli olacaq.
- Sizə elə gəlmirmi ki, Vaşinqton və Brüssel Şimal Atlantik Alyansını Rusiyanın sərhədlərinədək böyüdərək onu özləri provokasiya edir? Xatırlayıram, 90-cı illərdə Ağ Ev və NATO rəhbərliyi Alyansı genişləndirmək barədə razılığa gəlmişdilər. Yoxsa bu, "Soyuq müharibə" məğlubiyyətinə görə, Rusiyadan əvəz çıxmadır?
- Hansısa mənada sizinlə razılaşacam. Düşünürəm ki, NATO-nun Rusiyanın sərhəddinə doğru genişlənməsi "Soyuq müharibə"də qazanılan qələbə məhsullarının yığımı elementidir. Lakin həm də düşünürəm ki, diqqətdən qaçan məqam var: məhz Mərkəzi və Şərqi Avropa ölkələrinin böyük əksəriyyəti böyük təşviş və həyəcanla NATO və Avropa İttifaqına daxil olmaq istəyirdilər, çünki Rusiyanın yenidən aqressiv ola biləcəyindən ehtiyat edirdilər. Düşünürəm ki, Qərb liderləri Polşanın, Baltikyanı ölkələri və digər Şərqi Avropa dövlətlərini Rusiya ilə razılaşmanın əldə olunması naminə NATO-dan çıxarmağın çətinlik dərəcəsini düzgün qiymətləndirmədilər.
- Rusiya-Amerika qarşıdurmasının postsovet ərazisinə də keçməsi mümkündürmü?
- Bu qarşıdurma artıq sizdədir, postsovet məkanındadır. ABŞ və Rusiya formal şəkildə Sovet İttifaqının tərkib hissəsi olan Gürcüstan, Ukrayna və Baltikyanı ölkələrdə rəqabət aparır. Bu mənada Rusiya müdafiə olunmağa davam edir.
- Özünüzün "The National Interest"dəki məqalənizdə nəzəri olaraq 2018-ci ildə Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi 5 regionu fərqəndirirsiniz. Məqalədə həmçinin Qarabağı da qeyd etmisiniz. Bu gün Qarabağ ətrafında vəziyyət hansı dərəcədə müharibəyə səbəb ola bilər?
- Dağlıq Qarabağ ətrafında vəziyyətin iki böyük güc dövləti arasında irimiqyaslı müharibəyə səbəb ola biləcəyinə şübhə edirəm. Hərçənd bu situasiya Türkiyənin mövqeyini qəlizləşdirir. Anladığım qədərilə, cari vəziyyət həqiqətən də müharibəyə çevrilmək potensialına sahibdir və növbəti il Qarabağda müharibə yenilənsə, buna təəccüblənmərəm. Lakin hətta Qarabağda müharibə yenilənsə belə, onun dünya miqyasında ciddi nəticələrə səbəb ola biləcəyinə şübhə edirəm.
- Vaşinqtonun Qarabağ ətrafındakı münaqişənin tənzimlənməsi prosesində aktivləşməsini gözləməyə dəyərmi? Yoxsa Ağ Ev bu münaqişədə əsas moderatorun Rusiya olaraq qalmasına üstünlük verir?
- Düşünmürəm ki, Vaşinqton Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini bütövlükdə Rusiyaya saxlamağa şaddır. Lakin hazırki vəziyyətdə bütün problem Vaşinqtonun ümumiyyətlə nəyi istəməsindən əmin olub-olmamasında qeyri-müəyyənliyin mövcudluğundan ibarətdir. Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində böyük təcrübəyə malik Dövlət Departamenti bu məsələdən kənarda qaldı. Bu, regionda iş təcrübəsinə malik və ərazini tanıyan amerikalı diplomatların hakimiyyəti tərk etməsi deməkdir. Əgər Qarabağ münaqişəsi yenilənsə və əgər Rusiya tənzimlənmə prosesini sürətləndirməyə cəhd etsə, Birləşmiş Ştatların buna razılaşdırılmış şəkildə cavab verə biləcəyi bəlli deyil.

Bəhram Batıyev
Ordu.az