“Şansımın yüksək olduğu qənaətindəyəm” Müsahibə

“Şansımın yüksək olduğu qənaətindəyəm”

Samir İsgəndər: "Türkiyə Böyük Millət Məclisində türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər"

İyunun 24-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə Ankaradan Ədalət və İnkişaf Partiyasından (AKP) Azərbaycan əsilli Samir İsgəndər namizədlik üçün namizədliyini verib. Samir İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərdə Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir. Samir İsgəndərdən bu seçkilərdə nə qədər şansının olduğunu ilə maraqlandıq.
- Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsüz. Şansınızı nece dəyərləndirirsiniz?
- Bəli, AKP-dən millət vəkilliyi üçün namizədlik üçün namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki, Can Azərbaycan bir millət iki dövlət sözü sadəcə sözdə yox, əməldə də olacak və məclisdə Azərbaycanı da təmsil edəcəm.
- Növbədənkənar seçkiləri zəruri edən səbəb nədir? Türkiyənin təcili olaraq erkən seçimə getməsi əsasən nə ilə bağlı idi?
- Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyəmizdə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi ve artıq siyasi sistem çox yavaşlamıştı. Məhz ən başlıca səbəblərdən olan sistemin və dövlətin özünü yeniləyib yeni sistemə keçərək inkişafı üçün qaçınılmaz oldu.
- Səndən başqa Azərbaycan əsilli namizəd varmi hakim partiyadan. Əslində Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı.
- Bildiyimə görə Azərbaycandan gelib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Türkiyə vətəndaşı olan və Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər vardır ki, onlar da AK Parti də daxil olmaqla o biri partiyalardan da namizədliklərini veriblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.
- Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?
- Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AK partinin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktif çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilirim.

- Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsən?
- Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.