“Müharibə Ermənistan üçün fəlakətə yol aça bilər” Müsahibə

“Müharibə Ermənistan üçün fəlakətə yol aça bilər”

Türkiyəli deputat: "Dünyada gedən proseslər Ermənistanın əleyhinə işləyir"

Son günlər cəbhə bölgəsində baş verən hadisələr və bütün bunların fonunda bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq BayMedia-nın suallarını Türkiyə Böyük Millət Məclisinin üzvü, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin başqanı, Dr. İsmail Safi cavablandırır.

- İsmail bəy, son günlər cəbcə bölgəsində baş verən hadisələri necə təhlil edərdiniz?

- Mən ilk öncə cəbhə bölgəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına səbr arzulayıram. Şəhidlər vətənimizin əmanəti və millətimizin qürur yeridir. Onlar ərazilərimizin bütövlüyü uğrunda qəhrəmancasına həlak olublar. Eyni zamanda bu hadisələr bizi çox üzür. Bu hadisələrlə bağlı olaraq, Türkiyə siyasətinin, eləcə də ictimaiyyət, mədəniyyət və incəsənətinin tanınmış nümayəndələri Azərbaycanlı qardaşlarımızın yanında oldular, öz hüzn və kədərlərini bölüşdülər. Xüsusilə, Türkiyə mediası hadisələrə adekvat reaksiya verdi, məsələnin beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım göstərdi. Çünki, biz qardaş Azərbaycanı yalnız qoya bilmərik.
Bir millət, iki dövlətik. Mustafa Kamal Atatürkün dediyi kimi Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir. İki qardaş ölkənin birgə mövqeyi hər zaman belə olub, bundan sonra da belə olacaq. Kənardan aydın görünür ki, Ermənistan Azərbaycanla imzaladığı atəşkəs sazişini pozur və vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Bu gün Ermənistanın təcavüzkar addımlarını dünya ictimaiyyəti qiymətləndirməlidir. Əks halda bölgədə durum nəzarətsiz hala gələcək. Çünki işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlar nəzarətsiz bir bölgədir və orda müxtəlif birləşmələr öz istədiklərini edirlər. Erməni ordusu cəbhədə Azərbaycan əsgərlərini öldürülməklə yanaşı dinc insanları da qətlə yetirir. Bu isə dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Dünya birliyi məsələyə sərt rekasiya verməlidir. Belə vəziyyət müharibənin yenidən baş verməsini sürətləndirir. Ermənistan rəhbərliyi anlamalıdır ki, müharibə onlar üçün hansı fəlakətlərə yol aça bilər.

- Gördüyünüz kimi işğalçı Ermənistan ordusu hücuma keçib əsgərlərimizi şəhid etməkdən belə çəkinmirlər. Belə olan halda Azərbaycan nə etməlidir?

- Bu gün Azərbaycanın ərazi bötüvlüyünün bərpa olunması əsas şərtdir. Hər zaman dediyimiz kimi danışıqlar Azərbaycanın işğal altında qalan ərazilərinin qaytarılması ilə başa çatmalıdır. Rəsmi Ankara bu prinsipi dəstəkləyir. Amma görünən odur ki, Ermənistan rəhbərliyi başa düşmür ki, bölgədə vəziyyətin gərginləşməsi onların əleyhinə işləyir. Heç kimə sirr deyil ki, onlar beynəlxalq şərtlərin Azərbaycanın xeyrinə olduğunu görürlər və ona görə cığıllaq edirlər. Cəbhə bölgəsində vəziyyətin gərginləşməsində bu amilin təsiri var.
Ermənistan unutmamalıdır ki, onların qarşısında bölgənin lider dövləti - Azərbaycan var. Azərbaycan əsgərlərini şəhid etməklə, Ermənistan heç nə əldə edə bilməyəcək. Çünki hər gün, hər saat Azərbaycanın imkanları artır. Ermənistanın bütün addımlarının qarşısını almaq və önləyici tədbirlər görmək Azərbaycan dövlətinin haqqı və hüququdur. Bugünkü dünyamızın reallığı bunu tələb edir.

- Belə məlumat yayılıb ki, müharibə başlayacağı halda Ermənistan bölgədə keçən enerji layihələrinə təhlükə yarada bilər. Sizcə, Ermənistanın belə bir addım atmasını real hesab etmək olarmı?

- Mən inanmıram ki, Ermənistan belə ağılsız addım atsın. Bu, mümkün deyil. Çünki enerji layihələri Avropanın təhlükəsizliyi üçün mühüm rol oynayır. Əgər, Ermənistan bu addımı atarsa, Avropa Ermənistanın əleyhinə çıxacaq və onların əleyhinə sanksiyalar tətbiq oluna bilər. Bu, Ermənistan üçün faciələr yol açar. Onsuz da onların vəziyyəti pisdir. Ermənistanın hansı vəziyyətdə olduğunu görürük.
Bu gün Ermənistan müharibədən daha çox sülh prinsipindən çıxış etməlidir. Bu onun üçün də çox yaxşı olardı. Son 25 ildə Ermənistan müharibə və işğaldan heç nə qazanmadı. Əksinə dünyada gedən proseslər Ermənistanın əleyhinə işləməkdədir. Ermənistan sülh haqqında düşünsə, daha məntiqli olardı. Bölgənin inkişafı Ermənistana müsbət təsir göstərəcək.

- Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələri haqqına da fikirlərinizi bilmək istərdik...

- Bütün görüşlərin müsbət sonluqla bitməsini də dəstəkləyirik. Yetər ki, görüşdən istənilən nəticə əldə olunsun. Nəticəsiz görüşlər münaqişəni daha da qızışdırır. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan bu kimi görüşlərdən öz maraqları üçün istifadə etməyə çalışır. Ona görə bəzən görüşlər nəticəsiz başa çatır. Bu dəfə də belə oldu. Bu kimi görüşləri təşkil edən dövlətləri bölgədə sülhün yaranmasında maraqlı olmalıdırlar.

Elnur Eltürk