“Son 7-8 ildə Türkiyənin xarici siyasəti müvazinətini ciddi şəkildə itirib” Müsahibə

“Son 7-8 ildə Türkiyənin xarici siyasəti müvazinətini ciddi şəkildə itirib”

Yaşar Yakış: "Biz artıq ABŞ prezidentindən "soyqırım" kəlməsini tələffüz etməməsi üçün xahiş-minnət edəcək durumda deyilik"

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın APA-ya müsahibəsi

- Aprelin 15-də Avropa Parlamenti Türkiyəyə qarşı "soyqırım" layihəsini səsverməyə çıxaracaq. Gələn xəbərlər layihənin təsdiqlənmə ehtimalının yüksək olduğunu göstərir. Türkiyənin bu işlərlə ardıcıl şəkildə məşğul olmadığını həmişə tənqid etmisiniz. 15 apreldəki səsvermə də növbəti laqeydlik və ləngimənin nəticəsidirmi?

- Əvvəla, onu deyim ki, bu işlər 1-2 gündə hazırlanıb AB-nin gündəminə gətirilmir. Avropadakı ermənilər parlamentdə bu işlərə könlü olan millət vəkillərini müəyyənləşdirərək öncə onlarla fərdi iş aparırlar. Daha sonra isə məsələ AP-də bu işlərə həvəs göstərə biləcək partiyaların qruplarında müzakirəyə çıxarılır. Məncə, parlamentin sessiyasında səsverməyə qoyulana qədər erməni lobbisi daha əvvəl iş apardıqları partiyaların fraksiyalarında böyük ölçüdə məsələni həll edir. AP-dəki fraksiyalarda paralel şəkildə aparılan bu işlər nəticəsində qərar layihəsinin qəbul edilməsi üçün lazımi zəmin hazır olur. Ona görə də bu məsələlərin AP gündəminə göydən düşmədiyini xüsusi qeyd etmək istəyirəm. Məsələ fraksiyalardan keçib AP sessiyasının gündəminə gətiriləndən sonra nəsə etmək çox çətin olur, bəzi hallarda isə heç mümkün olmur. Sessiyada səsvermə keçirilərkən məsələni öz fraksiyalarında həll etmiş liderlər ən ön sırada otururlar, onlar əllərini qaldıran kimi məsələdən xəbərdar olmayan millət vəkilləri də onlara uyğun səs verirlər. Təəssüf ki, Türkiyə bu dəfə də "soyqırım" məsələsinə dair qərarı əngəlləməkdə gecikib. Erməni lobbisi bu məsələni AP-də özünə yaxın bildiyi fraksiyalarda gündəmə gətirəndə biz işi əngəlləməyə çalışmalıydıq. Digər tərəfdən, son 7-8 ildə Türkiyənin xarici siyasəti müvazinətini ciddi şəkildə itirdi, ölkənin xarici siyasətdə təsir gücü azaldı. Ona görə də indi AP-də öz sözünü və mövqeyini qəbul etdirməsi və ya əleyhinə olan hansısa qərar layihəsini əngəlləməsi nəinki çox çətinləşib, bəzi nöqtələrdə qeyri-mümkün hala gəlib. Biz bu cür məsələlərə son anda müdaxilə etmək vərdişindən vaz keçmədiyimiz müddətcə proseslərin arxasından getmə ehtimalımız həmişə yüksək olacaq. Mənim dəfələrlə vurğulamağıma baxmayaraq, Türkiyə ilə Azərbaycan "erməni məsələsi"ndə ortaq platforma yaradıb mübarizə aparmağa nail ola bilmədilər.

- Hər il 24 aprel ərəfəsində Türkiyədə hər kəsin ürəyi ağzına gəlir ki, ABŞ prezidenti özünün ənənəvi mesajında "soyqırım" kəlməsini deyəcək. Sizcə, bu il okeanın o tərəfində nə olacaq, prezident Obama "soyqırım" kəlməsini tələffüz edəcəkmi?

- Avropa Birliyinə bənzər, hətta paralel siyasət ermənilər tərəfindən ABŞ-da yürüdülür. Ona görə də istər Konqres, istərsə də Senat üzərində onlara lazım olan təzyiq mexanizmini yarada biliblər. Son 80-10 ilə qədər ABŞ Orta Şərqdə Türkiyəni özünə önəmli bir müttəfiq saydığına görə, prezidentlərin ənənəvi 24 aprel mesajlarında "soyıqırm" sözü tələffüz edilmirdi. Bu, o vaxtlar Türkiyənin Orta Şərqdəki siyasi və diplomatik gücündən irəli gəlirdi. Bugünkü Türkiyə isə ABŞ-a Suriya və İraqda cərəyan edən proseslər və gələcək planlar üçün sadəcə coğrafi mövqeyinə görə lazımdır. Təkrar edirəm: siyasi-hərbi-diplomatik gücünə görə yox, sadəcə coğrafi mövqeyinə görə... Türkiyənin siyasətçiləri ABŞ-ı sərt şəkildə tənqid edərkən ABŞ-ın o tənqidlərə cavab verməməsi heç də bizim üstünlüyümüz sayılmamalıdır. Unudulmamalıdır ki, bəzi tənqidlər diplomatik dillə cavablandırılır, bir çoxu isə bir kənara qeyd edilərək, uyğun vaxtlarda bizə xatırladılır. İndi münasibətlər elə bir nöqtəyə gəlib ki, ABŞ prezidentinin 24 apreldə "soyqırım" kəlməsini tələffüz edib-etməməsinin onlar üçün elə bir fərqi yoxdur. Eyni zamanda, münasibətlərin indiki səviyyəsinə görə biz də gedib ABŞ prezidentindən "soyqırım" kəlməsini tələffüz etməməsi üçün xahiş-minnət etmə durumunda deyilik.

- Tutaq ki, AP 15 apreldə Türkiyənin əleyhinə "soyqırım" qərarı qəbul etdi, daha sonra ABŞ Konqresi eyni addımı atdı və prezident Obama ənənəvi 24 aprel mesajında "soyqırım" kəlməsini tələffüz etdi. Türkiyə üçün nə dəyişər, AP və ABŞ üçün nə dəyişər?

- Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, qəbul ediləcək qərarların və tələffüz ediləcək hər hansı kəlmənin heç bir hüquqi əsası yoxdur. O qərarların heç birinin icra edilmə məcburiyyəti də yoxdur. Prezident Obama "soyqırım" kəlməsini tələffüz edərsə, Türkiyənin göstərəcəyi reaksiyanı görmək üçün gözləmək lazımdır. Avropa Parlamenti Türkiyəyə qarşı "soyqırım" qərarı qəbul edərsə, bunun heç bir hüquqi qüvvəsi olmadığı kimi, Türkiyənin Avropa Birliyi üzvlüyünə qəbul edilməsinə də əngəl təşkil etməyəcək. Çünki Türkiyə Avropa Birliyinə tamhüquqlu üzv olmaq istəyəcəksə, Brüsselin sırf o məsələyə görə Türkiyəni əngəlləyəcəyindən söhbət gedə bilməz. Yox, əgər Türkiyə AB-yə tamhüquqlu üzvlükdən vaz keçərsə, o vaxt da Avropa Parlamentinin qəbul edəcəyi qərarın Türkiyəyə qarşı heç bir icra gücü olmayacaq. "Soyqırım" iddialarının 100-cü ilində güclənən təzyiqlərin 24 aprel keçəndən sonra necə olacağını görəcəyik. Heç olmasa, ondan sonrakı dönəmdə bu işlərlə gündəmdə olduğu vaxtlarda deyil, gündəmdə olmadığı vaxtlarda ardıcıl və sistemli şəkildə məşğul olaq.