“Görülən işlərə kölgə salmağa çalışanların peyda olacağı gözlənilən idi” Müsahibə

“Görülən işlərə kölgə salmağa çalışanların peyda olacağı gözlənilən idi”

Aydın Hüseynov: "Erməni lobbisindən maliyyə yardımı alan və onlarla işbirliyində olanlar arzularına çata bilməyəcəklər"

Azərbaycan az müddət sonra "Bakı-Avropa Oyunları - 2015" yarışmasına ev sahibliyi edəcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək...Artıq ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Amma bəzi xarici və daxili mərkəzlər bu gün ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovla söhbətimizdə bu və digər məsələlərdən danışdıq.

- Yarışların başlaması ərəfəsində bəzi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli siyasət yürüdülür, antitəbliğat aparılır, təxribatlara yol verilir. Bunun kökündə nə dayanır?
- 2013-cü ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında yekdil qərar qəbul edilib. Məlumdur ki, bu qərar təsadüfən verilməyib. Azərbaycanın potensialı, iqtisadi imkanları, ölkənin stabilliyi, təhlükəsizliyi və digər faktorlar nəzərə alınıb. Qərar verilərkən Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə şübhə ilə yanaşılmayıb. Biz dövlət olaraq bütün sahələrdə nailiyyətlərimiz səbəbindən I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Azərbaycan üçün böyük uğurdur. Azərbaycanın bu mötəbər tədbirə necə hazırlaşması isə dünya mediasının diqqət mərkəzindədir. Bu prosesdən həmin dairələr də xəbərdardır. Buna görə də, Avropa Oyunlarının Azərbaycanda keçirilməsini qeyri - mümkün hesab edən həmin o mərkəzlər Azərbaycanın bu işin öhdəsindən layiqincə gəldiyini gördükdə bacardıqları qədər çirkin planlarını həyata keçirmək üçün səy göstərməyə başladılar. Əgər Azərbaycanın buna hazır olmayacağını iddia edirlərsə, niyə qərar qəbul olunarkən və ya 1 il öncə səslərini çıxarmırdılar? İndi artıq I Avropa Oyunlarının keçirilməsinə 1 aydan da az müddət qalmış "fəaliyyət"ə başlayıblar. I Avropa Oyunlarının Bakıda keçirilməsinə paxıllıq hissi ilə yanaşanlar elə başa düşürdülər ki, Azərbaycan bu yarışlara hazır olmayacaq, bu işin öhdəsindən gələ bilməyəcək. Çünki müddət az idi. Ancaq onlar bunun əksinin şahidi olandan sonra iç üzləri açıldı, aqressiv mövqe sərgiləməyə başladılar. Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasına birbaşa rəhbərlik edən prezident İlham Əliyev, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da Azərbaycanın artıq I Avropa Oyunlarının keçirilməsinə tam hazır olduğunu bəyan ediblər. Eyni zamanda Avropa Olimpiya Komitəsinin Baş Məclisinin təmsilçiləri də bunu görürlər. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Mehriban Əliyevanın rəhbərliyi ilə oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirib. Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos isə qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə edildiyini bildirib. Həmçinin bir çox məşhur şəxslər, idmançılar Azərbaycanın təşkilatçılığından məmnun qaldıqlarını ifadə ediblər. Bundan başqa dünyanın nüfuzlu media orqanları Azərbaycanla və bu istiqamətdə görülən işlərlə bağlı çoxsaylı materiallar yayımlayıblar. Buna misal olaraq "The Guardian" və digər dünya çapında nüfuzlu nəşrləri göstərmək olar. Bu isə ölkəmizin dünyada yüksək səviyyəli təbliği deməkdir. Təbii ki, qarayaxma da olacaq, görülən işlərə kölgə salmağa çalışan, "siyasətçilər", "jurnalistlər" də tapılacaq. Bunların isə haradan qaynaqlandığı bəllidir. Bu addımlar heç bir effekt verməyəcək, Azərbaycanın nüfuzuna xələl gətirmək istəyənlər, erməni lobbisindən maliyyə yardımı alan və onlarla işbirliyində olanlar arzularına çata bilməyəcəklər... İdmanın sağlamlıq, insanlar arasında ünsiyyət, sülh, bərabərlik olduğunu anlayan, buna mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verən bir amil kimi baxan sağlam qüvvələr hər bir idman yarışının başlanmasına sevinirlər, bunu bayram kimi qəbul edirlər. I Avropa Oyunlarının Bakıda keçirilməsinə narahat olan dairələr isə Azərbaycanın uğurlarını istəməyənlərdir.
- Bəzi dairələr bu gün Azərbaycanda baş tutan bu mötəbər idman tədbirinin qarşısını kəsmək üçün bütün imkanlarını ortyaya qoyurlar...Sizcə bu nədən qaynaqlanır?
- Qeyd etmək istəyirəm ki, Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, dünya üçün hesablanmış möhtəşəm bir hadisədir. Təkcə Azərbaycan dövlətinin yox, Avropa ölkələrinin də marağı çərçivəsindədir. Azərbaycana minlərlə idmançı gələcək. İdmançıları və onların pərəstişkarlarını, həmin idman növlərinin populyarlığını düşündüyümüz zaman Avropa Oyunlarına olan marağı dərk etmək olar. Avropa Oyunlarına qarşı aparılan qarayaxmalar müxtəlif millətlətlərin, mədəniyyətlərin birliyinə və geniş azarkeş ordusuna qarşı çıxmaq deməkdir. "Sağlam bədəndə sağlam ruh olar" ifadəsi təsadüfən səslənməyib. İdman yarışlarına qoşulan, yarışların keçirilməsinə dəstək olan insanlarda demək ki, sağlam bədən, sağlam ruh var. Bunun əksinə gedənlər isə xəstə ruhlular, şikəst düşüncəlilərdir. Hazırlıq prosesi başa çatır deyə onların əlləri hər yerdən üzülüb, buna görə də qarayaxma kampaniyasına başlayıblar. Artıq nə edəcəklərini bilmirlər. Bu bir daha onu göstərir ki, onları düşündürən idman deyil, qara niyyət, məkrli siyasət, Azərbaycanın uğurlarının həzm olunmamasıdır.
- Azərbaycanın Avropa Oyunları ilə bağlı ortaya qoyduğu işi necə dəyərləndirirsiniz?
- Avropa Oyunları birinci dəfə keçirilir və bu tədbirə ilk olaraq Azərbaycan ev sahibliyi edir. Azərbaycan artıq dünyaya yeni bir nümunə və standart təqdim edir. Ölkəmiz üzərinə düşən məsuliyyətə ciddi yanaşdı, bu böyük işin öhdəsindən gəldi, prosesi layiqli şəkildə aparmağı bacardı.Təbii ki, bu bizim başımızın ucalığı deməkdir.
- Avropa Oyunları növbəti dəfə Niderlandda keçiriləcək. Nə düşünürsünüz, Azərbaycanın təqdim etdiyi səviyyəyə və ya bundan daha artığına nail ola biləcəklərmi?
- Bundan sonrakı təşkilatçı ölkələr ən yaxşı halda Azərbaycanın uğurunu təkrar etməyə çalışacaqlar. Hələ I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməmişdən öncə, təkcə Bakı deyil, regionlarımızda da kifayət qədər Olimpiya kompleksləri və idman qurğuları tikildi və bərpa olundu. Bölgələrdə idman qurğularının, olimpiya komplekslərinin tikilməsi Avropa Oyunlarından daha öncə başlamışdı və cənab Prezident bu sahəyə xüsusi diqqətlə yanaşır. Yəni regionlarla bağlı hazırlanan dövlət proqramlarında da idman sahəsinə xüsusi yer ayrılır... Onu da xüsusi qeyd edim ki, bizim iqtisadiyyatımızın unikallığında, ən başlıcası nailiyyətlərimizdə dövlət proqramlarımızın çox böyük rolu var. Bu dövlət proqramları birbaşa Prezident İlham Əliyevin təşəbbüsü və ideyasıdır. Ölkə Başçısı hələ Prezident seçkilərinə qatıldıqda bunu bəyan etmişdi ki, hər bir regionun özünün sosial - iqtisadi inkişaf proqramı olacaq. Bu sosial - iqtisadi inkişaf proqramı elmə, regionların əmək potensialına söykənir. Elmi təhlilə söykənərək dövlət proqramları ortaya qoyulur və bu məsələlər həll edilir. Burada idman kompleksləri, qurğuları, yollar və parklar da var. Biz, I Avropa Oyunları keçiriləcək deyə, bir stadion və idman qurğusu tikməklə bütün işləri dayandırmalı deyildik. Bizim dövlət proqramımız var və bu proqrama uyğun olaraq yol çəkilməli, parklar salınmalı, infrastruktur yenilənməlidir. Bütün bu işlər daimi olaraq həyata keçirilir. Azərbaycan qarşıya qoyduğu proqramları həyata keçirərək və Avropa Oyunlarına hazırlığı mükəmməl şəkildə təşkil edərək onu sübut etdi ki, dövlətimiz nəzərdə tutulan bütün məsələləri pillə - pillə, mərhələ - mərhələ çox uğurla həyata keçirir və dünyaya yeni standartlar gətirir. Biz, Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Bu birincidir və əminəm ki, yüksək səviyyəli nümunə olacaq. Azərbaycan dünya ictimaiyyətinə böyük hörmətlə yanaşır və üzərinə düşən məsuliyyəti anlayır...Onu da nəzərinizə çatdırım ki, indiyə qədər 1800 xarici jurnalist Avropa Oyunlarını işılandırmaq üçün qeydiyyatdan keçib. Bu rəqəmin daha da atrtacağı gözlənilir. Bu isə Azərbaycanla bağlı nəinki Avropa dövlətləri, dünyanın hər yerində misilsiz təbliğat deməkdir ki, bu da bizə çox lazımdır. Bu, həm də erməni lobbisinin Azərbaycanla bağlı antitəbliğatının alt-üst olunması üçün əlverişli fürsətdir. Azərbaycana gələn idmançılar, jurnalistlərlə yanaşı, turistlər də ölkəmizin dünya səviyyəli, sabit, demokratik və daim inkişafda olduğunu görəcəklər. Həmçinin Azərbaycanın mədəniyyəti, adət ənənənləri, mətbəxi, maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olacaqlar. Təbii ki, bütün bunlar erməni lobbisi və onun təsiri atlında olan mərkəzləıri narahat etməyə bilməzdi. Bu səbəbədən də son aylarda Azərbaycana qarşı təzyiq cəhdlərinin kökündə əslində nəyin dayandığını anlamaq çətin deyil...
- Yarışlara qatılacaqsınızmı və hansı idman növü üzrə yarışmaya xüsusi marağınız var?
- Təbii ki, bütün idman növləri üzrə keçirilən yarışlar maraqlıdır. Mən tam əminəm ki, bütün yarış növləri maraqlı keçəcək. Vaxt tapım hamısında iştirak etmək istərdim. Boksa isə xüsusi marağım var. Ona görə də boks yarışlarını yaxından izləyəcəyəm. Biletləri də yaxın zamanda almağı planlaşdırmışam...

Əli