“Bu, Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biridir” Siyasət

“Bu, Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biridir”

“İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların aşkarlanması, zərərsizləşdirilməsi Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biridir və humanitar mina təmizləmə ilə bir sıra qurumlar çox ciddi məşğul olur. Məlum məsələdir ki, oktyabr ayında 798 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursatın (PHS) aşkarlanması, eyni zamanda, 5000 hektara yaxın ərazinin təmizlənməsi bu istiqamətdə sistemli və intensiv işlərin aparıldığını təsdiqləyir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, mina təmizləmə prosesi sadəcə ərazinin fiziki baxımdan təhlükəsizləşdirilməsi deyil, bu, bütün kommunikasiyaların çəkilməsi üçün ən əsas istiqamətlərin təmizlənməsidir: “Ermənilər qəsd edərək ən müqəddəs hisslərimizə toxunmaq üçün qəbiristanlıqlar və digər inanc yerlərini də minalayıblar ki, azərbaycanlılara ora gələcək, həmçinin kənd təsərrüfatının inkişafını ləngitmək üçün əkin sahələrini minalayıblar və onlar bu istiqamətdə Böyük Qayıdış proqramına mane olmaq üçün çox ciddi addımlar atıblar. Lakin buna baxmayaraq Azərbaycan birmənalı şəkildə bu istiqamətdə təmizlik işləri görür. Bu iş ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər təşkilatlar müvafiq qurumların iştirakı ilə aparılır”.

Komitə sədrinin sözlərinə görə ən mühüm məsələ də mina ilə bağlı xəritələrin verilməməsidir: “Verilən xəritələr məlum məsələdir ki, ciddi xəritələr deyil, uyğun gəlmir, buna görə də onun etibarlılığı cəmi 25 faizdir və bu faktdır. Düşünürəm ki, bu xəritələrin bəziləri hətta Rusiya sülhməramlı qüvvələrində də olub. Buna görə çox ciddi işlər aparılır. Bütün məlumatların o cümlədən koordinatların və əlavə xəritələrin təqdim edilməsi mütləq şəkildə tələb edilməlidir və bu istiqamətdə də addımlar atılır. Mina təhlükəsizliyi Azərbaycanın işğaldan azad olunmuş ərazisində normal həyata qayıdan, ümumiyyətlə, bu qayıdışın qarşısında olan ən ciddi maneələrdən biridir. Biz ərazilərimizi hərbi işğaldan azad etdik, indi isə onları mina terrorundan tam təmizləməliyik. Bu, dövlətimizin apardığı təhlükəsizlik siyasətinin bir hissəsidir, dövlət proqramına uyğun olaraq böyük qayıdışın bir hissəsidir, gələcək nəsillər qarşısında məsuliyyətin mühüm tərkib hissəsidir. Çünki torpaqların azad edilməsi tarixi qələbədirsə, həmin torpaqda insanların təhlükəsiz və rahat yaşanmasını təmin etmək qələbənin davamıdır”.

Röya İsrafilova