17:43
469
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Hacıqabul rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzində xidmət alan uşaqların iştirakı ilə “Qızıl payız” adlı əyləncəli və maarifləndirici tədbir təşkil olunub.
Payız fəslinin rəngarəngliyini əks etdirən tədbir üçün mərkəzdə xüsusi bayram atmosferi yaradılıb. Məkan payız yarpaqları, mövsümi meyvə və tərəvəzlər, müxtəlif əl işləri və dekorativ kompozisiyalarla bəzədilib.
Uşaqlar payız mövzusunda hazırlanmış səhnəciklərdə və əyləncəli oyunlarda iştirak ediblər. Müxtəlif obrazları canlandıran balacalar öz bacarıq və istedadlarını nümayiş etdiriblər.
Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbir zamanı uşaqlara hüquqları və onların müdafiəsinin əhəmiyyəti barədə məlumat verilib, müvafiq mövzuda maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, günərzi qayğı mərkəzlərində uşaqların fərdi inkişafına, sosial bacarıqlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına yönəlmiş xidmətlər göstərilir.
Həmçinin uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun mütəmadi olaraq maarifləndirici, inkişafetdirici və sosial-mədəni tədbirlər keçirilir.

