ABŞ İrana zərbə qərarına yaxınlaşır? Dünya

ABŞ İrana zərbə qərarına yaxınlaşır?

“ABŞ-da aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı gündəmdədir. Bir sıra ekspertlər hesab edirlər ki, Vaşinqton artıq mümkün hücumun hədəflərini müəyyənləşdirir və bu istiqamətdə ciddi hazırlıq aparılır. Bununla belə, İran ərazisindəki hədəflərə nüvə silahı ilə zərbə endirilməsi məsələsi kifayət qədər mübahisəli və riskli ssenaridir”.

Bunu politoloq Oqtay Qasımov Xalqcəbhəsi.aza açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana zərbə endirməsi məsələsi ciddi şəkildə nəzərdən keçirilir və mümkün hədəflərlə bağlı müxtəlif mülahizələr mövcuddur: “Nüvə silahından istifadə ehtimalı isə tamamilə fərqli müstəvidə qiymətləndirilməlidir. ABŞ-ın belə bir silah tətbiq etməsi və zərbələr endirməsi dünyada çox ciddi presedent yarada bilər. Bu, həm qlobal təhlükəsizlik, həm də regional səviyyədə ciddi ekoloji və təhlükəsizlik problemlərinə gətirib çıxara bilər. Belə bir addımdan sonra dünyada nüvə silahları və nüvə proqramları ilə bağlı yeni və ciddi silahlanma yarışının başlanması ehtimalı da gündəmdə qala bilər”.

O.Qasımov Rusiyanın ABŞ-ın nüvə silahından istifadə etməsi halında Ukraynaya qarşı oxşar addım atacağı ilə bağlı mülahizələrə də münasibət bildirib.

Politoloq belə bir ssenarini inandırıcı hesab etmədiyini vurğulayıb:

“Açıqcası, Rusiyanın Amerika qarşısında belə bir şərait qoymasını inandırıcı saymıram. İkincisi, Rusiyanın hazırda Ukraynada zərbələr endirmək üçün kifayət qədər imkanları və geniş hərbi potensialı var”.

Günel Elxan