Politoloq: “Bu, təkcə İranın deyil, bütün regionun faciəsinə səbəb ola bilər” Dünya

Politoloq: “Bu, təkcə İranın deyil, bütün regionun faciəsinə səbəb ola bilər”

“ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalı müzakirə olunsa da, Vaşinqtonun belə bir riskə gedəcəyi inandırıcı görünmür. Çünki bu addım təkcə İran üçün deyil, bütün region və beynəlxalq təhlükəsizlik sistemi üçün ağır nəticələrə səbəb ola bilər”.

Bu barədə politoloq Şakir Ağayev Xalqcəbhəsi.aza açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan amerikalı şərhçi Taker Karlson İranın nüvə obyektlərinin yerləşdiyi dərinliyi əsas gətirərək, onların yalnız nüvə silahı ilə məhv edilə biləcəyini iddia edib: “Lakin bu, hazırda ehtimal və versiya kimi qiymətləndirilməlidir.ABŞ-ın nüvə silahından istifadə etməsi çox ciddi beynəlxalq nəticələr doğura bilər.Güman etmirəm ki, Amerika bu riski gözə alsın və İrana qarşı nüvə silahından istifadə etsin. Bu, təkcə İranın deyil, bütün regionun faciəsinə səbəb ola bilər. Düzdür, ABŞ-ın regionda müttəfiqləri olsa da, onun əsas müdafiə etdiyi tərəf İsrail və Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətdir. Amma nüvə silahından istifadə son dərəcə riskli addımdır”.

Ş.Ağayev qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dövründə də Moskva tərəfindən nüvə silahından, o cümlədən taktiki nüvə silahından istifadə ehtimalı dəfələrlə gündəmə gətirilib: “Lakin indiyədək belə bir addım atılmayıb. ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi beynəlxalq münasibətlərdə təhlükəli presedent yarada bilər. Belə olan halda Rusiya da Ukraynaya qarşı nüvə silahından istifadə məsələsini gündəmə gətirə və Vaşinqtonun addımını əsas gətirə bilər.ABŞ tarixən beynəlxalq hüquq normalarına münasibətdə öz maraqlarından çıxış edən siyasət yürüdüb. Bununla belə, İrana qarşı nüvə silahının tətbiqi ehtimalını yüksək qiymətləndirmir”.

Ş.Ağayev Tramp administrasiyasının daxili siyasi maraqlarının da bu məsələdə mühüm rol oynadığını bildirib: “ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Trampın ritorikasında populist və seçkiyönümlü mesajlar üstünlük təşkil edə bilər. Respublikaçılar Partiyasının Konqresdə mövqelərini itirməsi ehtimalı administrasiyanın xarici siyasət qərarlarına da təsir göstərə bilər. Tramp seçkiqabağı kampaniyada tərəfdarlarını səfərbər etmək və Respublikaçılar Partiyasının mövqelərini qorumaq üçün müxtəlif siyasi bəyanatlardan istifadə edir. Bununla yanaşı, İranla bağlı danışıqların hələ nəticə verməməsi və diplomatik prosesin davam etməsi də diqqətə alınmalıdır”.

Ş.Ağayev İsrailin daxili siyasi vəziyyətinin də proseslərə təsir edə biləcəyini deyib: “Netanyahu hökumətinin hakimiyyətdə qalmaq və siyasi mövqelərini qorumaq marağı İsrailin İrana münasibətdə atacağı addımlarda özünü göstərə bilər. Hökumətin formalaşdırılması ilə bağlı çətinliklər yaranacağı təqdirdə növbədənkənar seçkilər məsələsi də gündəmə gələ bilər.İran ətrafında baş verənləri yalnız hərbi qarşıdurma ehtimalı kimi deyil, həm də informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.Bu prosesin müəyyən hissəsini təbliğat və informasiya müharibəsi kimi də qəbul etmək olar. Amma hazırda elə bir dünyada yaşayırıq ki, müxtəlif ssenarilərin reallaşması ehtimalını tamamilə istisna etmək mümkün deyil”.

Günel Elxan