Çin Koreya yarımadasında gərginliyi azaltmağa çağırıb Gündəm

Çin Koreya yarımadasında gərginliyi azaltmağa çağırıb

Çin bütün maraqlı tərəfləri gərginlik səviyyəsini azaltmağa və Koreya yarımadasında siyasi nizamlanmaya çağırır.

Xalqcebhesi.az xəbər verir ki, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Şimali Koreyanın (KXDR) yeni növ döyüş sursatını sınaqdan keçirməsi barədə məlumatları bu cür şərh edib.

"Çin tərəfi müvafiq məlumatları, həmçinin KXDR-in son zamanlar ABŞ, Koreya Respublikası və Yaponiyanın hərbi tədbirləri ilə bağlı öz mövqeyini dəfələrlə bəyan etməsini nəzərə alıb", - deyə diplomat qeyd edib.

"Ümid edirik ki, maraqlı tərəflər Koreya yarımadası probleminin köklü səbəblərinə obyektiv şəkildə baxacaq, siyasi nizamlanma üzrə ümumi kursa sadiq qalacaq, gərginliyin azaldılması, regionda sülh və sabitliyin qorunub saxlanılması üçün səy göstərəcəklər", - deyə o əlavə edib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, oktyabrın 31-də taktik balistik raketin kasetli döyüş başlığının döyüş şəraitində tətbiq olunma imkanlarını və gücünü qiymətləndirmək məqsədilə sınaqlar keçirilib. Agentlik məhvetmə zonasının təxminən 12–13 hektar təşkil etdiyini bildirib.

Məryəm Quliyeva