“Azərbaycan hökuməti maraqlıdır ki, məsələnin üstü açılsın” Siyasət

“Azərbaycan hökuməti maraqlıdır ki, məsələnin üstü açılsın”

Siyavuş Novruzov: "Cinayətkarlar törətdiyi əmələ görə məsuliyyətə cəlb olunsunlar"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümünə dair verdiyi bəyanata münasibət bildirib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, məişət zəminində baş verən ölüm hadisəsinə siyasi bəyanat vermək gülünc doğurur:"Azərbaycanda kifayət qədər bu zəmində hadisələr baş verir. Jurnalist Rasim Əliyevin ölümü məişət zəminində baş verib. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə ölkə başçısının diqqət mərkəzindədir. Yəni, Azərbaycan hökuməti maraqlıdır ki, məsələnin üstü açılsın və cinayətkarlar törətdiyi əmələ görə məsuliyyətə cəlb olunsunlar. Bu hadisəyə siyasi bəyanat verməyin özü gülünc haldır. Çünki, hadisə ilə bağlı müəyyən adamlar məsuliyyətə cəlb olunub".
O, Qərbi Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib: "Bu gün Avropa Şurasının ayrı-ayrı strukturları, qeyri hökumət təşkilatları Azərbaycanda baş verən hadisələrlə bağlı həm məhkəməlik, həm prokurorluq, həm advokatlıq edir, həm də cinayət-axtarış işi aparırlar. Bu baxımdan verilən bəyanat qərəzlidir. Ermənistanda, Almaniyada, Qərb ölkərində kifayət qədər belə hadisələr baş verir. Hətta dinc vətəndaş güllələnib. Bu hadisə jurnalistin kimlərləsə münaqişəsi zəminində baş verib. Burada siyasi maraq, sifariş, qərəz yoxdur".
YAP funksioneri xatırladıb ki, hadisədən bir neçə gün öncə Azərbaycanda jurnalistlər mükafatlandırılıb: "Dövlətin jurnalistlərə münasibəti Mətbuatın 140 illiyi ilə bağlı keçirilən tədbirlərdən görünür. Onlar üçün yeni mənzilər tikilir. Yəni, dövlətin, prezidentin jurnalistlərə olan münasibəti ortadadır".
S. Novruzov vurğulayıb ki, jurnalist cəmiyyətdən təcrid deyil: "Jurnalist cəmiyyətin bir üzvüdür. Jurnalistin peşə fəaliyyəti onu cəmiyyətdən təcrid etmir. Yəni, jurnalist qoruma kameralarında gəzməli deyil. Ona görə də məsələyə düzgün yanaşılmaldır. İndi bu hadisə də araşdırılacaq. Kim nəticədən narazı olsa, lazımı orqanlara şikayət edə bilər".