“İslam dininin genişlənməsindən narahat olan qüvvələr...” Siyasət

“İslam dininin genişlənməsindən narahat olan qüvvələr...”

Mübariz Qurbanlı: "Onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar"

Əgər dövlət müstəqilliyinin ilk illərində ölkədə 17 məscid var idisə, bu gün onların sayı 2050-yə çatıb.
Məscidlərlə yanaşı, kilsə və senaqoqlar da inşa olunur, təmir edilir, dini icmalara maddi yardımlar göstərilir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dilə gətirib.
Mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasətinin bu gün yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı həmçinin, dövlət başçısı İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın önəmini vurğulayıb.
Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərək bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün İslam dini içərisində münaqişələr gedir: "İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində İslama qarşı yönəldilib".
Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan komitə sədri onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib.
Bildirib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir: "Bu işdə hüquq mühafizə orqanları ilə yanaşı din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır".