Bahar Muradova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşüb Siyasət

Bahar Muradova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşüb

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşüb. Görüşdə B.Muradova bildirib ki, ABŞ ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir:
"Bu münasibətlər təkcə hər iki ölkə rəsmilərinin arasında deyil, eləcə də vətəndaş cəmiyyəti və icmalar arasında getdikcə inkişaf etməkdədir".
Milli Məclis sədrinin müavini müasir beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını və bu istiqamətdə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin önəmini vurğulayıb.
"Bu gün ABŞ-ın 20-ə yaxın ştatı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar obyektiv mövqe sərgiləyən sənədlər qəbul edib".
Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Nyu-Meksiko ştatının dövlət senatoru Meri Key Papen bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
O, hazırda ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini söyləyərək respublikamızın tarixi, hazırkı inkişafı haqqında kifayət qədər məlumat əldə etdiklərini deyib. Nyu-Meksiko ştatının dövlət senatoru burada bir sıra görüşlər keçirdiyini, Bakının müasir görkəminə heyran qaldığını bildirib.