Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH Siyasət

Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH

Son günlər bəzi dairələrdə və sosial media seqmentində Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun şəxsiyyəti və döyüş yolu ətrafında qərəzli müzakirələrə rast gəlinir. Sosial şəbəkələrdəki müxtəlif paylaşım və şərhlərdə onun Qarabağ müharibəsində iştirakı, döyüşlərə qatılmasının səbəbləri, hətta qəhrəmanlığını belə şübhə altına almağa çalışırlar.

Diqqətçəkən məqam odur ki, bu iddialarla çıxış edənlər ortaya heç bir fakt qoymur, illərdir məlum olan həqiqətləri təhrif etməyə cəhd göstərir, yanlış təsəvvür formalaşdırmaq niyyəti güdürlər.

Əslində, Albert Aqarunovun Qarabağ müharibəsinə hansı motivlərlə qatıldığı barədə ən tutarlı cavabı onun özü verib.

1992-ci ildə Qarabağda döyüşlər zamanı jurnalist Mirşahin Ağayevin Aqarunovdan götürdüyü müsahibə bu gün də arxivlərdə qalır və son günlər sosial şəbəkələrdə yayılan iddialara birbaşa cavab verir.

Albert Şuşada verdiyi həmin müsahibəsində yəhudi olduğunu, bu torpaqda yaşadığına, burda doğulduğuna görə döyüşlərə könüllü qatıldığını deyir.

Albert bildirir ki, vətəndaş kimi borcunu torpağı qorumaqda görür, müharibənin axırına kimi döyüşəcəyini vurğulayır.

Bu müsahibədən sonra qərəzli müzakirə açanların nə düşünməsinin, nə söyləməsinin, əslində, heç bir mənası qalmır. Çünki son günlər irəli sürülən "guya könüllü döyüşməyib", "guya müharibəyə məcbur aparılıb", "guya döyüşmək istəməyib" kimi iddiaların əksinə olaraq, Albert Aqarunov döyüş bölgəsində öz dili ilə niyə silaha sarıldığını izah edir. Düzdür, Albert müharibənin sonuna kimi döyüşə bilmədi, həmin müsahibədən az sonra qəhrəmancasına həlak oldu. Ancaq elə öz qəhrəmanlığı ilə də adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Onun Şuşaya girmək istəyərkən vurduğu erməni tankı da indi Bakıdakı “Qənimətlər parkı”ndadır.

Albertin cavablarında nə siyasi təbliğat, nə də sonradan yaradılmış mifologiya var. Onun fikriləri də, mövqeyi də aydın və səlisdir: "Mən bu torpaqda doğulmuşam və öz vətəndaşlıq borcumu onu qorumaqda görürəm".

Müşahidələrdən aydın olur ki, Aqarunov ətrafında aparılan qərəzli kampaniya müəyyən dini-ideoloji çevrələrin informasiya xətti ilə üst-üstə düşür. Onlar Azərbaycanda formalaşmış çoxkonfessional tolerant mühitə mənfi təsir etmək istəyir. Bu dairələr uzun illərdir Azərbaycanın milli dövlətçilik modelinə qarşı müxtəlif istiqamətlərdə təbliğat aparırlar. Bu baxımdan Albert Aqarunovun hədəfə çevrilməsi də təsadüfi görünmür. Şübhəsizdir ki, məqsədlərdən biri Azərbaycanın qonşu dövlətlər və tərəfdaşları ilə münasibətlərində problem yaratmaqdır.

Albert Aqarunov, sadəcə, Qarabağ uğrunda həlak olmuş tank komandiri deyil. O, eyni zamanda etnik və dini mənsubiyyətindən asılı olmayaraq, insanları vahid Azərbaycan uğrunda birləşdirən simvollardan biridir. O, həm də Birinci Qarabağ müharibəsinin ən tanınmış və ən çox hörmət edilən hərbçilərindəndir. Döyüş yoldaşlarının və müharibə iştirakçılarının xatirələrində Albert Aqarunov peşəkar tank komandiri, cəsarətli döyüşçü və ən ağır döyüş tapşırıqlarını yerinə yetirməkdən çəkinməyən hərbçi kimi təsvir edilir. Məhz göstərdiyi igidlik və şücaətə görə o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İstər yəhudi Albert, istərsə də Azərbaycanda yaşayan digər xalqların nümayəndələri həm birinci, həm də ikinci Qarabağ müharibələrində yaxından iştirak edib, qəhrəmanlıq nümayiş etdirib. Onlar hamımızın ümumi Vətəni olan Azərbaycan uğrunda canlarından belə keçiblər. Əslində, istənilən şəxsin vətəndaşı olduğu ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşməsindən təbii nə ola bilər ki?

Elə Albertin əleyhinə süni ajiotaj, qarayaxma kampaniyası aparanlara bu dairələrə İranı nümunə göstərmək olar.

Orada da İran uğrunda döyüşmüş, həlak olmuş ayrı-ayrı xalqlara mənsub insanlar qəhrəman sayılır, onların adı əbədiləşdirilir. Elə yəhudilərin də.

Bu gün İran dairələri İsraillə münasibətlərə görə yəhudilərin İran-İraq müharibəsində həlak olması, onların adının əbədiləşdirilməsi barədə məlumatları gizlətməyə çalışır. Lakin unudurlar ki, faktlar başqa şey deyir. İran-İraq müharibəsində həlak olmuş yəhudi əsilli hərbçilərin xatirəsinə İranda memorial ucaldılıb. 2014-cü ildə keçirilmiş açılış mərasimində çıxış edən rəsmi şəxslər yəhudi icmasının İran dövlətinə sədaqətini, ölkənin müdafiəsində iştirakını və müharibə zamanı göstərdiyi xidmətləri xüsusi vurğulayıblar. Çıxışlarda onların İran uğrunda döyüşməsinin milli həmrəyliyin nümunəsi olduğu bildirilib.

2019-cu ildə isə İran-İraq müharibəsində həlak olmuş yəhudi hərbçilərin xatirəsinə həsr olunmuş növbəti anım mərasimi təşkil edilib. Tədbir zamanı onların məzarları ziyarət olunub, hərbi və dövlət nümayəndələri həmin şəxslərin xidmətlərini ehtiramla yad ediblər. Qeyd olunub ki, əsas məqam onların dini mənsubiyyəti deyil, İran uğrunda döyüşərək həyatlarını qurban vermələridir.

Azərbaycan milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir vətəndaşına sahib çıxır, Vətən uğrunda canından keçənlərin xatirəsini əziz tutur. Albertin adı ətrafında aparılan ucuz kampaniya Azərbaycanın tolerant ənənələrinə, vətəndaş həmrəyliyi modelinə və milli birliyinə qarşı yönəlmiş informasiya hücumu kimi görünür.

Lakin belə cılız mövzuları gündəm etməyə çalışanlar yaddan çıxarmamalıdırlar ki, Albert də, bu Vətən üçün canından keçmiş digər xalqların nümayəndələri də Azərbaycanın övladlarıdır və xatirələri daim əziz tutulacaq.

Süni gərginlik yaratmaqla nəyəsə nail olacaqlarını düşünənlər dönüb tarixə baxsalar, görərlər ki, Azərbaycanda heç vaxt millətlər və xalqlar arasında nifaq olmayıb, hamı özünü bu Vətənin bir parçası bilib.

Albert Aqarunovun da adı bu gün yalnız Milli Qəhrəman deyil, Azərbaycan dövlətinə sədaqətin, vətən sevgisinin və fədakarlığın parlaq nümunəsi kimi çəkilir, Bakının mərkəzində abidəsi ucaldılıb. Bu fakt həm də onu göstərir ki, hansısa dairələrin, hansısa ölkənin təbliğat maşınının təkəri olanların planları heç vaxt baş tutmayacaq, əksinə, bu kampaniyanın sifarişçiləri və icraçıları özləri aciz vəziyyətə qalacaq.