“Münaqişənin həllinə Ermənistanın da ehtiyacı var” Siyasət

“Münaqişənin həllinə Ermənistanın da ehtiyacı var”

"Azərbaycanda olmaqdan qürur duyuram. Dost və qardaş Azərbaycanla münasibətlərimiz müstəsna dəyərə malikdir".
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sürətli addımlarla irəliləyir: "Bu, Azərbaycan üçün olduğu kimi, Türkiyəyə üçün də sevinc və qürur mənbəyidir. Hər dəfə gördüyüm inkişafdan qürur duyuram. Türkiyə və Azərbaycan gücünü ortaq tarixi bağlardan alır. Bu iki ölkə təkcə qardaş deyil, həm də strateji ortaqdır. Tez-tez yüksək səviyyəli beynəlxalq tədbirlər çərçivəsində də görüşürük. Azərbaycan bu bölgənin sabit, güclü və hər sahədə inkişaf edən ölkəsidir. Ölkə qlobal səviyyədə əhəmiyyətini artırır. Azərbaycanın bir sabitlik mənbəyi olaraq oynadığı rola önəm veririk. Enerji və nəql sahələrində birgə layihələrimiz var. Terrorizmlə bağlı təhdidlərə qarşı da birgə mübarizə aparırıq. Əfqanıstan məsələsində olduğu kimi, beynəlxalq sülh və təhlükəsizliyə töhfə veririk".
Firudin Sinirlioğlu əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalının davam etməsi olduğunu söyləyib: "Regional təhlükəsizlik və inkişafın qarşısında duran ən böyük problem kimi gördüyüm bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkiyə olaraq bu sahədə səylərimizi artırmaq əzmindəyik. Problemin bu şəkildə həllinin bölgədə normallaşmanın yolunu aça biləcəyi və bütün ölkələrin yararına olacağı məlumdur. Gözləntilərimiz bunun başqa ölkələr və beynəlxalq toplum tərəfindən dərk edilməsi və vaxt itirilmədən səylərin artırılmasıdır. Minsk Qrupunun səylərini izləyir və lazım olduqda onları tənqid edərək təşviq etməyə çalışırıq. Problemin dərinləşməsinə yol aça biləcək addımlardan çəkinmək lazımdır. Dağlıq Qarabağda bu yaxınlarda keçirilən qondarma "seçki" yanlış və təxribat xarakterli addımdır və bunu qınayırıq. Bu addımın nəticə verməyəcəyi aşkardır".
Firudin Sinirlioğlu bəyan edib ki, Türkiyə və Azərbaycan regionda mövcud olan üçtərəfli əməkdaşlıq formatlarını davam etdirməyə sadiqdir: "Enerji və daşınma layihələrinin bölgənin inkişafı naminə davam etdirilməsində qərarlıyıq. TANAP və BTC layihələrini bu çərçivədə görürük. Noyabr ayında G20 sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi Antalyada görməkdən qürur duyacağıq. Ölkəmizin xüsusi dəvətlisi olan Azərbaycanın hər sahədə töhfələri önəmlidir. Birinci Avropa Oyunlarında uğurları münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Noyabrın 1-də hər iki ölkədə keçiriləcək seçkilərin ölkələrimiz üçün yaxşı nəticələri olacağına əminəm".
Türkiyə xarici işlər naziri deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hər kəs üçün bir ehtiyacdır: "Ermənistan üçün də bir ehtiyacdır". O bildirib ki, Ermənistan bu problemi daha nə qədər davam edə bilər, bunu ciddi mənada düşünmək lazımdır: "Əgər Ermənistan regional təhlükəsizliyə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək istəyirsə, müzakirələrdə bir nəticə alınması üçün ciddi mənada səy ortaya qoymalıdır. Bütün əlaqədar ölkələr bu prosesə donmuş məsələ kimi baxmalı deyil. Onlar donmuş bir münaqişə hər zaman partlaya bilər həqiqətini nəzərə alaraq həll üçün səy göstərməlidir. Bu problemin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunacağına inanırıq. Bunun daha artıq təxirə salınması qəbuledilməzdir. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması və bu hadisənin sıradan bir hadisə kimi qəbul edilməsi ağıla sığmayan bir işdir və bu ağlasığmaz durum dəyişəcək".
Firudin Sinirlioğlu ölkəsinin terrora qarşı mübarizəsindən söz açıb. Türkiyə xarici işlər naziri deyib ki, terror dünya gündəmində ön sıralarda duran problemdir".
Onun sözlərinə görə, bu məsələ sərhədləri aşır: "Hər yerdə, hər kəsə qarşısında meydan oxuyur. Türkiyə terrorçuluğa qarşı uzun illərdir, mübarizə aparır, bu mübarizəni təkidlə davam etdirir. Terrorçuların Türkiyədə önəmli iqtisadi layihələr də daxil olmaqla, bütün layihələri hədəfə götürəcəyi ehtimalı var. Bu təhlükə bütün sahələrdə mövcuddur. Türkiyə də vətəndaşlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür. Bakı-Tbilisi-Ceyhan neft boru xətti və TANAP kimi Türkiyədən keçən layihələrin təhlükəsizliyi çox önəmlidir. Bunun üçün hər cür təhlükəsizlik tədbirləri görürük".