“Azərbaycan müxalifətinin bir problemi var” Siyasət

“Azərbaycan müxalifətinin bir problemi var”

Razi Nurullayev: "Əslində Arif Hacılı bizə minnətdar olmalı idi"

Razi Nurullayev Müsavat Partiyasının başqanı Arif Hacılının onları tanımaması haqda fikirlərinə münasibət bildirib.
Razi Nurullayev Arif Hacılıdan bu cür münasibət gözləmədiyini bildirib: "Arif Hacılının bu cür açıqlamasına münasibətim çox mənfidir. Azərbaycan müxalifətində mənim qədər cəsarət tapıb Əli Kərimlini Azərbaycan xalqının yaxasından düşürmək istəyən adamlar çox azdır. Eyni zamanda atdığım addımla Arif Hacılının özünü də xilas etmiş oldum".
Razi Nurullayev qeyd edib ki, Əli Kərimlinin qarşısı alınmasa idi o, yalançı qəhrəmanlıqla digər siyasi qurumları sıradan çıxaracaqdı: "Əli Kərimli hazırda Müsavat Partiyasını sıradan çıxarmış kimi görünür. Heç bir zaman Müsavat Partiyası ilə qarşıdurmaya getmək istəmirəm. Müsavat və digər müxalifət partiyaları bilməlidir ki, Azərbaycan müxalifətinin bir problemi var, o da Əli Kərimlidir. Biz bu problemi aradan qaldırmaq üçün çalışdıq. Arif Hacılının ətrafında olan insanlar mənə deyib ki, siz eyni zamanda Arif Hacılını da xilas etmiş oldunuz. Əli Kərimlinin və onun başçılıq etdiyi qanadın bir nömrəli məqsədi Müsavat Partiyasını sıradan çıxarmaqdır. Biz bunun da qarşısını aldıq, ona görə də, əslində Arif Hacılı bizə minnətdar olmalı idi".
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-ni tanımadığını açıqlayıb: "Müsavat AXCP adında yalnız bir partiya tanıyır. Bu təşkilat öz qurultayını sentyabr ayının 27-də keçirərək, növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək".