“Azərbaycan müstəqil, açıq dövlət siyasəti aparır” Siyasət

“Azərbaycan müstəqil, açıq dövlət siyasəti aparır”

Vahid Əhmədov: "Ölkəmizin Ermənistan istisna olmaqla bütün dövlətlərlə iqtisadi-siyasi əlaqələri mövcuddur"

Ötən gün iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın Avrasiya İttifaqına qoşulacağını istisna etməyən açıqlama ilə çıxış edib. Rusiyada səfərdə olarkən jurnalistlərin suallarını cabalnaıdran nazir müavini Azərbaycanın mövqeyini belə ifadə edib: "Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır". Rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə üzvlüyü Azərbaycana nə verə bilər?
Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov mövzu ilə bağlı Modern.az saytının suallarını cavablandırıb. O bildirib ki, belə bəyanatlar Azərbaycanın siyasi gedişlərdir. "Azərbaycan müstəqil, açıq dövlət siyasəti aparır. Azərbaycanın bütün dövlətlərlə, cümlədən Ermənistan istisna olmaqla, Avrasiya İttifaqına daxil olan ölkələrlə iqtisadi-siyasi əlaqələri mövcuddur. İqtisadi, siyasi, milli maraqlar Azərbaycanın xeyrinə olarsa, rəsmi Bakının istənilən ittifaqa qoşulması problem deyil". Vahid Əhmədov bununla belə deyib ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas hissəsi Avropa ölkələrinə gedir. Deputat bu konteksətdə Azərbaycanın Avrasiya İttifaqına qoşulması prosesini belə şərh edib: "Azərbaycan üçün heç bir problem yoxdur. Çünki Azərbaycan istənilən təşkilata üzv olmağı düşünərsə, dövlət başçısı cənab İlham Əliyev ilk olaraq milli maraqları, müstəqilliyi ön plana çəkir. Azərbaycan müstəqilliyinə, iqtisadi-siyasi maraqlarına xələl gətirməyəcək istənilən itifaqa qoşula bilər. Amma sirr deyil ki, Azərbaycanın karbohidrogen ehtiyatları, neft-qazla əlaqədar əsas ticarət tərəfdaşı Avropadır. Rusiya ilə də münasibətlərimiz yaxşıdır. Azərbaycanın Rusiya ilə iqtisadi-siyasi əlaqələri yüksək səviyyədədir".
Vahid Əhmədov sonda Ermənistan amili üzərində də dayanaraq vurğulayıb ki, nə qədər ki işğalçı dövlət sözügedən təşkilatın üzvüdür, Azərbaycanın ora qoşulması mümkün görünmür:
"Nə qədər Azərbaycan torpaqlarını zəbt edən işğalçı Ermənistan Avrasiya İttifaqına üzvdür, Azərbaycan həmin təşkilatda iştirak etməz".
Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayan Avrasiya İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir.